BMT-nin Baş katibi Antonio Quterreş Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır.
“Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan çətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində artmış yoxsulluğun, bərabərsizliyin və ədalətsizliyin aradan qaldırılmasına, fövqəladə iqlim dəyişikliklərinin yaratdığı problemlərin və dünyamızı cənginə almış münaqişələrin həllinə kömək etməlidir”, - deyə Antonio Quterreş vurğulayıb.
Baş katib inandığını bildirib ki, Azərbaycanın bütün vətəndaşları çətinliklərə qalib gəlməyə, Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə olunmasının sürətlənməsinə, bütün insanlar üçün daha yaxşı, daha ədalətli, daha sülhpərvər dünya qurulmasına kömək edəcəklər.