İnam Kərimov: “Məhkəmə-hüquq islahatları öz töhfəsini verir”

 08-05-2023

“Məhkəmə hakimiyyətində islahatlar dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir”.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoyub.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlib”.

O bildirib ki, yerli, lokal xarakterli münasibətlər qlobal xarakterli münasibətlərlə əvəzlənir: “Qloballaşan dünyamızda yeni hüquq münasibətləri meydana çıxır”.

Sədr qeyd edib ki, yüksək elmi texnoloji yeniliklər bütün sahələrə öz təsirini göstərir və dünya sürətlə inkişaf edir: “Süni intellektin tətbiqi genişlənir. Dövlət xidmətlərində çeviklik həmişə olduğundan da artıq tələb olunur”.

İ.Kərimov vurğulayıb ki, elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək üçün ölkəmizdə məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi, bununla da məhkəmə proseslərində çevikliyinin artırılması zamanın tələbidir:

“Elm və texnologiya əsrində ən dəyərli resurs insan kapitalıdır. Ölkənin ümumi inkişafında olduğu kimi, məhkəmələrin də inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Bu işdə təhsil ocaqlarının üzərinə böyük iş düşür. Ölkəmizdə məhkəmə sistemin gələcəyi həm də bu günün tələbələri olan gələcək hüquqşünaslardan asılıdır. Ali Məhkəmə də öz növbəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır.

Sözügedən Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi.

Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu, məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində bu gün də mühüm işlər həyata keçirilməkdədir”, - Ali Məhkəmənin sədri vurğulayıb.

Bənzər yazılar

0.21367597579956