Hollivud filmlərinin Azərbaycan kinoteatrlarında nümayişi həmçinin rus dilində yayımlanmaqda davam edəcək

 10-03-2022

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra “Disney”, “Warner Bros”, “Sony”  kimi kino sənayesi nəhəngləri Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Məsələ həm də ondan ibarətdir ki, Azərbaycan kinoteatrları xaricdə lentə alınmış filmləri bu şirkətlərin Moskvadakı ofislərindən alırlar.

Mövzu ilə bağlı Media.Az-a danışan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin meneceri Nərmin Həsənova kinoteatrlarımızda rus dilində filmlərin nümayiş olunub-olunmayacağı ilə bağlı məsələyə belə aydınlıq gətirib.

“Kinoteatrlarımızda nümayiş etdiriləcək “Hollivud” filmləri rus dilində və Azərbaycan subtitrləri ilə yayımlanacaq. Həmçinin kinosevərlərə türk və ingilis dillərində də filmlər təqdim olunacaq”, - deyə Nərmin Həsənova bildirdi.

Nərmin Həsənovanın sözlərinə görə, Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olan “CinemaPlus” bilavasitə “Sony”, “Disney”, “Warner Bros” və “Paramount” kimi dünyanın ən böyük şirkətlərinin studiyaları ilə işləyir.  

“Biz filmləri kinostudiyaların özlərindən alırıq. Bəli, yuxarıda adıçəkilən xarici şirkətlərin ofisi Moskvada yerləşdiyindən biz filmləri Rusiyadakı ofislərdən alırdıq. Dünyada baş verən hadisələr göstərir ki, şirkətlər MDB-də yerləşən ofislərinin yerlərini dəyişəcək. Ümumilikdə dünyada yayımlanan filmlər eyni gündə Azərbaycanda da yayımlanacaq. İndi bizim əsas məqsədimiz dünyada premyerası baş tutan filmlərin məhz həmin gün Azərbaycanda da nümayişinə nail olmaqdır”, - deyə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin meneceri fikrini tamamlayıb.

Bənzər yazılar

0.14519000053406