Ucar rayonunun Bağırbəyli kənd sakinləri Azəravtoyol Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovdan Prezident İlham Əliyevə şikayət yazıb.
MillətinSəsi.info-nun elektron poçtuna göndərilən şikayətdə kənd sakinləri yolsuzluqdan narazılıq edib.
Onların iddiasına görə, kəndin yollarının düzəldilməsi üçün ayrılan vəsait mənimsənilib:
”Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Ucar rayonunun Alpı, Qulabənd və Bağırbəyli kəndlərində yol tikintisinin həyata keçirilməsi nəzrdə tutulub.Həmin lahiyəyə əsasən Alpı və Qulabənd kəndlərinə asfalt çəkilsə də, Bağırbəyli kəndində bu işlər aparılmadı. Belə izah etdilər ki, bizim kəndə tikinti işləri 2022-ci ildə aparılacaq”.
Sakinlər bildirirlər ki, Qulabən, Alpı və Bağırbəyli kəndləri inzibati ərazi bölgüsü ilə bir icra nümayəndəliyinə daxildir:
“Bağırbəyli kəndində yollar digər kəndlərlə müqayisədə yararsız vəziyyətdədir. Tikintiyə başlamazdan əvvəl real vəziyyət öyrənilməli, ehtiyaclar qiymətləndirilməli idi. Ucar rayonunun rəhbərliyi nəzərə almalıydı ki, ilk növbədə Bağırbəyli yolu təmir edilməlidir, çünki sakinlər çox əziyyət çəkirlər.
Kəndimiz Vətən müharibəsində bir şəhid verib, xeyli sayda gənclərimiz müharibədə iştirak ediblər, onlar arasında qazi olanlar da var. Qəhrəman şəhid Təbriz Bəkirovun yaşadığı evə gedən yol olduqca bərbad vəziyyətdədir. Bağırbəyli kəndində məktəb olmadığı üçün şagirdlər 3 kilometr aralıda yerləşən Alpı kənd orta məktəbində təhsil alırlar. Yolsuzluğa görə şagirdlər çox əziyyət çəkirlər. Qışda palçıq, yayda isə tozdan hərəkət etmək olmur. Çıxılmaz vəziyyətdə qalmışıq.
“Azəravtoyol” ASC-nin İdarə Heyətinin sədri Saleh Məmmədova dəfələrlə müraciət etsələr də heç bir tədbir görməyib. Adama sual verərlər ki, ay Saleh müəllim, Bağırbəyli kəndinin yolunun tikintisi üçün Asiya İnkişaf Bankı tərəfindən ayrılmış vəsaiti hara xərcləmisiniz?”