Media azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə cərimələr müəyyənləşib.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimə müəyyənləşib.
Məcəlləyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Həmçinin, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib.
Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.
Fərmana əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baxacaq.