Azərbaycan Teatr Xadimləri İttifaqının yeni sədri kim olacaq? - SORĞU 

 24-04-2023

Xalq artisti Azərpaşa Nemətovun vəfatından sonra Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri yeri boşdur. İttifaq bir neçə gün öncə daxili iclası zamanı sədr müavini Xalq artisti Hacı İsmayılovun müvəqqəti olaraq, sədr postuna gətirilməsinə qərar verib.

Eyni zamanda, sosial şəbəkədə sözügedən ittifaqa sədr təyinatı məsələsi ətrafında müzakirələr davam etdirilir.

APA məsələnin aktuallığını nəzərə alaraq, aktyor və teatrşünaslar arasında sorğu keçirib.

Əməkdar artist Münəvvər Əliyeva teatrşünas Dağlar Yusif Əfəndinin son 10 il ərzində teatr adına gördüyü işləri əsas tutaraq, onun namizədliyini dəstəklədiyini ifadə edib:

“Dağlar teatrı sadəcə təbliğ etmir, o, teatr üçün vuruşur. Bunu onun istər televiziyadakı çıxışlarından, istər məqalələrindən, istərsə də ittifaqdakı fəaliyyətindən aydın görmək mümkündür. Ən yeni dövr teatr nəslinin formalaşmasında Dağların teatr görüşlərinin və dəstəyinin müstəsna rolu var. Dağlar həm Azərbaycan, həm də dünya teatrının dərin bilicisidir. Onun cəsarəti və təfəkkürü teatrımıza hava, su kimi lazımdır. Mən vətəni, xalqı, mədəniyyəti bu qədər dərindən sevən və bilən Dağlar Yusifin Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədrliyinə namizədliyini dəstəkləyirəm”.

Əməkdar artist Nicat Kazımov ittifaq üçün rəhbər gələcək şəxsin özünü yox, birinci növbədə, məhz Azərbaycan teatrını düşünən, sevən biri olmasını əsas gətirib:

“Və mütləq şəkildə həmin adam bütün teatr işçilərinə eyni gözlə baxmalıdır, onların işlərini eyni ədalət prinsipi ilə dəyərləndirməlidir. Ümumilikdə Teatr Xadimləri İttifaqı, Aktyorlar Evi bütün teatr işçiləri üçün hər zaman açıq olmalı, onların arxasında durmalı, layiq olanlara dəstək olmalı, gənclərin özünütəsdiqində müstəsna rol oynamalıdır. Saydığım kriteriyalara uyğun olaraq, mən Dağlar Yusif Əfəndini görürəm, onun namizədliyini dəstəkləyirəm. Teatrı sevməyən, teatra öz mənfəəti kimi baxan adam yaşından asılı olmayaraq, ittifaqa rəhbərlik etməməlidir. Bu, mənim şəxsi fikrimdir. Dağlar gəncdir, perspektivlidir və teatr üçün əlindən gələni edə biləcək şəxsdir”.

Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifələrini icra edən Xalq artisti Hacı İsmayılov növbəti konfransın 2024-cü ildə baş tutacağını vurğulayıb:

“Bu, nizamnamənin tələbidir. Nizamnaməyə əsasən, sədr seçkisi 5 ildən bir konfrans çağırılmaqla həyata keçirilir. Sonuncu belə konfrans 2019-cu ildə olub və rəhmətlik Azərpaşa Nemətov sədr seçilib”.

Hacı İsmayılov konfransın vaxtının irəli çəkilə biləcəyinin istisna edilmədiyini də vurğulayıb:

“Ola bilər ki, fors-major hala görə, konfrans daha tez çağırılsın”.

Xalq artisti sədrliyə namizədlik məsələsinə də toxunub:

“Əvvəla Teatr Xadimləri İttifaqı ictimai təşkilatdır. Bura qədər ittifaqda sədrlik postunda tanınmış simalar, xalq artistləri, ölkənin sayılıb-seçilən adamları olublar. İnşallah, konfrans çağırılanda özünü bu məqamda görənlər namizədliklərini irəli sürə bilərlər. Mənim özümün namizəd olub-olmayacağım barədə hələ qəti qərarım yoxdur”.

Publisist, dramaturq Ülviyyə Heydərova “Seçiləcək şəxs Azərbaycan teatrını sevməklə kifayətlənməməlidir” düşüncəsindədir:

“Bu günlərdə ölkəmizin teatr icmasında Azərbaycan Teatr Xadimləri İttifaqına kimin sədr olacağı ilə bağlı fikirlər səsləndirilir. Bir qisim bizim görkəmli teatrşünas İsrafil İsrafilovu sədr kimi görür. Mən də “Facebook” səhifəmdə gənc teatrşünas Dağlar Yusif Əfəndini dəstəkləmişəm. Təbii ki, ittifaqa sədr seçki yolu ilə keçirilir. İttifaqın üzvləri qurultayda hansı namizədlərə səs verəcək, kim səs çoxluğu ilə sədr seçiləcək bunu indidən demək çətindir. Kimin seçilməsindən asılı olmayaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri teatrı ürəkdən sevməklə kifayətlənməməlidir. O, həm də yaxşı menecer olmalıdır. Milli teatrımızın inkişafı üçün istər yerli, istərsə beynəlxalq layihələr həyata keçirməlidir. Teatr xadimlərimizin qayğısına qalmalıdır”.

Teatrşünas İsrafil İsrafilov hələlik bu barədə heç bir fikrinin olmadığını qeyd edib:

“Çünki Azərpaşa Nemətovun hələ heç 40 mərasimi olmayıb. Sosial şəbəkədə, orada-burada bu kontekstdə gedən müzakirələri də, düzü, izləmirəm. Seçki nə vaxt olacaq, onu da bilmirəm. Olanda münasibət bildirərəm”.

Xalq artisti Qabil Quliyevin fikrincə, ittifaqa enerjili biri seçilməlidir:

“Düşünürəm ki, bu gün Teatr Xadimləri İttifaqına bütün Azərbaycan teatrının inkişafına xidmət edəcək enerjili və sənətə bütün varlığı ilə bağlı olan birisi seçilməlidir. İttifaq yaşı 70-i ötmüş, pas atmış, karyeristlərin yeri deyil. Mənim öz namizədimə gəlincə, bunu çağırılacaq iclasda səsləndirə bilərəm”.

Teatr tənqidçisi Aliyə ittifaqın üzvü olmasa da, seçiləcək şəxsin yaradıcı mühit yaratmasını arzu edib:

“Mən ittifaqın üzvü deyiləm. Sədr seçkisi barədə nəsə deyə bilmərəm. Bu, normalda ittifaq üzvlərinin işidir. Amma bir teatr adamı kimi dövlət tərəfindən dəstəklənən TXİ-nin müxtəlif layihələrlə (teatra dair nəşrlər, konfranslar, seminarlar, festivallar keçirmək, yaradıcı gəncliyə yönəlik müsabiqə və təlimlər təşkil etmək, dünyanın əhəmiyyətli teatr hadisələrinə necəsə qoşulmaq istiqamətində), yaradıcı mühitə əhəmiyyətli təsir etməsini arzu edirəm”.

Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə də, öz növbəsində, gəncləşdirmə siyasətinin tərəfdarıdır:

“Əvvəla, onu deyim ki, mən oranın üzvü deyiləm, ümumiyyətlə, mən heç bur birliyin, ittifaqın üzvü deyiləm.

Orada kimin sədr olmasına gəlincə, bildiyiniz kimi, dövlətin əsas siyasəti məhz gəncləşdirmə siyasətidir. Məncə də, məsləhət olardı ki, ittifaqa gənc kadr rəhbərlik etsin. Gənc o demək deyil ki, 20 yaşında biri olsun, 30-35 yaşlı birisi də ittifaq üçün yeni nəfəs rolunu oynaya bilər. Belə konkret namizədə gəlincə, hazırda mənim konkret adını çəkəcəyim biri yoxdur”.

Yazıçı, dramaturq Jalə İsmayılın fikrincə, ittifaqa sədr gələcək şəxs teatrı sevən, teatrı bilən və mühafizəkar dünyagörüşünü qapıda mühafizə xidmətində qoyub içəri girən enerjili biri olmalıdır:

“Hazırda gənclər daha çox Dağlar Yusif Əfəndinin adını hallandırırlar. Səsvermə hüququm olsaydı, mən də Dağlar bəyə səs verərdim. İsrafil İsrafilovun da namizədliyini dəstəkləyənlər var. Mən öz adıma, İsrafil bəyi “Azdrama”da görürəm. Onun direktorluğu dövründəki dəyişiklikləri səhnədə izləmişəm. Düşünürəm ki, ən böyük səhnəmizin bitib-tükənməz kulis fırtınalarının qarşısında ancaq belə bir adam dayana bilər”.

Teatrşünas Dağlar Yusif Əfəndi ittifaqın konsepsiyasında islahatların vacibliyinə diqqət çəkib:

“Şübhəsiz, Azərbaycan Teatr Xadimləri İttifaqı teatr və teatr icması üçün son dərəcə əhəmiyyət kəsb edən bir qurumdur. Düşünürəm, bu gün və sabah həyata keçiriləcək islahatlar fonunda İttifaqın konsepsiyasını, funksionallığını bir daha gözdən keçirməkdə fayda var. İttifaq üçün yeni səhifə açmağın, onun adını teatr sənəti üçün nəzərdə tutulan “islahatlar və yeniliklər paketinin” lap başına yazmağın tam zamanıdır. Sədr məsələsinə gəlincə, Azərpaşa Nemətovdan sonra bizim üçün bu barədə düşünmək, danışmaq və nələrisə proqnozlaşdırmaq xeyli çətin məsələdir. Ümid edək ki, yeni sədr vətənini, xalqını sevən, mədəniyyəti, teatrı bilən, dünyanın ritmini duyan, öz ambisiyalarını sənətin və teatrın inkişafına qurban verməyi, İttifaqla milli teatr arasında ideal interaktivliyi bərpa etməyi bacaracaq sənətçilərimizdən biri olar”.

Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqı 1897-ci ildə “Artistlər İttifaqı” adı ilə yaradılıb. Birlik 1917-ci ildən “Müsəlman Artistləri İttifaqı”, 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini davam etdirib.

1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılıb.

İttifaqın İdarə Heyətinin sonuncu sədri Xalq artisti Azərpaşa Nemətov bu ilin 9 aprelində vəfat edib.

İttifaqın nizamnaməsinə əsasən, idarə heyətinə sədr təyinatı hər 5 ildən bir keçirilir. Bu qayda ilə növbəti seçki 2024-cü ildə keçirilməlidir.

Bənzər yazılar

0.44106698036194