“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramının bağlanış mərasimi keçirilib

 11-04-2023

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, həyata keçirilən “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı fəaliyyətini yekunlaşdırıb.

Proqram çərçivəsində ümumilikdə 2022-23-cü illəri əhatə etməklə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyi göstərilib və bu layihələr altı istiqaməti əhatə edib.

Gənclər təşkilatları tərəfindən gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, ətraf mühitin mühafizəsi, yerli və beynəlxalq layihələrin yazılması, idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması, gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliği, gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması və regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, istiqamətləri üzrə həyata keçirilən layihələr çərçivəsində 10 şəhər/rayonda 34 təlim, 17 vörkşop/qrup işi, 15 görüş, müxtəlif istiqamətlər üzrə dörd yarış, dörd intellektual oyun və bir sərgi keçirilib.

Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hisslərini mütəmadi olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdan ibarət olub.

Qeyd edək ki, proqramın yekunu olaraq AR Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədovun iştirakı ilə bağlanış mərasimi keçirilib. Tədbirdə NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ətraflı məlumat verib, həmçinin artıq proqramın yeni - ŞƏBƏKƏ adı ilə fəaliyyət göstərəcəyini elan edib.

Proqrama uyğun olaraq tədbirin davamında hesabat videoçarxı təqdim olunub, ŞƏBƏKƏ Proqramına yenidən layihələrin qəbulunun yaxın zamanda elan olunacağı bildirilib. Ənənəyə sadiq qalaraq, yekunda proqramın qalibi olan təşkilatlar təltif olunub və xatirə fotosu çəkilib.

Bənzər yazılar

6.5187480449677