Kasım-Jomart Tokayev: “Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir”

 10-04-2023

“Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq”, - deyə Qazaxıstan prezidenti qeyd edib.

Bu əməkdaşlığın əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini vurğulayan Kasım-Jomart Tokayev deyib:

“Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir”.

O bildirib ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib.

“Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik”, - deyə Tokayev vurğulayıb.

Bənzər yazılar

0.14646697044373