Tikinti şirkətlərinin inanılmaz dələduzluğu – Mənzil alanların hamısı aldadılır

 07-04-2023

“Bu gün yeni tikililərlə bağlı ən böyük problemlərdən biri də mənzilin sahəsinin fərqli göstərilməsidir. Məlum olduğu kimi, çoxmənzilli binaların ilkin sənədi müqavilə və maliyyə arayışı sayılır. Vətəndaş tikinti şirkətindən mənzil alarkən ona müqavilə və maliyyə arayışı təqdim edilir və o başqa sənəd tələb edə bilmir. Alqı-satqı prosesinin heç bir dövlət orqanında reyestri aparılmadığına görə, vətəndaş şirkətin verdiyi sənədlə qane olmaq məcburiyyətindədir. Çox vaxt müqavilədə qeyd olunan ümumi sahələr rəsmi çıxarışla üst-üstə düşmür. Müqavilə yolu ilə satılmış mənzillərə bir müddətdən sonra çıxarış alarkən orada daha az ümumi sahə qeyd olunur. Bu gün tikinti şirkətlərinin satdığı mənzillərdə sahənin hesablanması ilə bağlı çox ciddi problemlər var. Müqavilədə binanın inşası ilə bağlı müddətin göstərilməməsi və tikinti şirkətlərinin mənzil sahəsini özlərinə sərf edən formada hesablaması uzun illərdir ki, problem olaraq qalır”.

Bunu Bakupost.az -a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
 
Onun sözlərinə görə, müvafiq qanunvericiliyə əsasən tikinti şirkətləri iç və çöl divarlar, ara divarlar, havalandırma xətləri keçən əraziləri satış sahəsinə salmamalıdır. Amma bunların hər biri satış sahəsinə aid edildiyinə görə mənzilə çıxarış verən zaman yalnız faydalı sahələr qeyd olunur.

Bu da ümumi sahənin çıxarışda daha az kvadrat metr yazılmasına gətirib çıxarır:
 
“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermək üçün ümumi qaydaları var. Bu qaydalara əsasən, mənzildə daxili sahələr ölçülür və vətəndaşa ona uyğun çıxarış verilir. MTK-lar isə mənzili satanda kvadratı çöl divardan çöl divara hesablanır. Əlbəttə ki, bu da müştərinin ziyanınadır. Vətəndaş bir müddət sonra həmin mənzili satışa çıxaranda qiyməti çıxarışda yazılan kvadratmetrə uyğun təklif etmək məcburiyyətində qalır.

Tikinti şirkətləri mənzili satarkən həmin sahəni qeyd etmədikləri halda yəqin ki, zərəri qarşılamaq üçün qiymətləri artırır. Amma qiymətlər artırılmalı olsa belə, gərək müqavilədə nə qeyd olunubsa, bu, çıxarışda da öz əksini tapsın. Bu problemlər vətəndaşın mülkiyyət hüququnu pozur. Bu da xeyli pul itkisinə səbəb olur. Əksər binalarda vəziyyət belədir. Təsadüfi tikinti şirkətləri var ki, müqavilədə hansı sahə yazılıbsa, onun pulunu alır. Qeyd edim ki, tikinti şirkətlərinin satış prosedurları ilə bağlı qanunlar tam tənzimlənmədiyinə görə bu cür hallar mütəmadi olaraq baş verir”.
 
Ekspertin dediyinə görə, şikayətlər, narazılıqlar çoxdur. Qısa müddətdə bu problemin həlli istiqamətində müvafiq addımların atılmasına ehtiyac var. Ölkədə daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir. Bu sahə nəzarətə götürülməlidir:

“Problemlərin aradan qaldırılması, bununla bağlı standartın müəyyən olunması üçün müvafiq qanun hazırlanmalıdır: “Mənzilin sahəsinin yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır. Qanunvericilikdə nə nəzərdə tutulubsa, satış mexanizmi də o formada aparılmalıdır. Şirkət hansı sahələri sata bilərsə, həmin sahələr qeyd olunmalıdır ki, çıxarışda da o cür göstərilsin. Hesab edirəm ki, bu problemi yalnız bir yolla həll etmək olar. O da binaların satış mexanizmini tikinti şirkətlərindən almaqla. Əgər bu ixtiyar onların əlindən alınsa, vətəndaş da sözügedən problemlə üzləşməyəcək”.
 
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, mənzilin sahəsinin yanlış hesablanması istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır. Çünki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunvericiliyin tələblərinə və şəhərsalma və tikinti məcəlləsinin tələblərinə ziddir:

“Bununla bağlı xeyli sayda məhkəmə presedenti mövcuddur. İstehlakçı sonradan çıxarış alarkən, müqavilədə göstərilən ölçülərlə çıxarışda göstərilən ölçülərin kifayət qədər fərqli olduğunu görür və bunun nəticəsində də məhkəməyə müraciət edir. Yeni tikililər əksər hallarda sığorta olunmur. Qeydiyyat sənədlərində problemlər olduğuna görə, tikinti şirkətləri vətəndaşlara alqı-satqını sadəcə qarşılıqlı müqavilələr əsasında verirlər. Bu müqavilələr də əksər hallarda notarial qaydada təsdiq olunmur. Sonradan müəyyən problemlər çıxır ortaya".
 
Ekspertin dediyinə görə, vətəndaşlar ilk növbədə aldıqları mənzilin, evin hazır olduğunu gördükdən sonra onu almağa üstünlük verməlidirlər. Çünki, burada notarial müqavilə olmadığına görə, bir mənzilin bir neçə şəxsə satılması kimi problemlər ortaya çıxır.

Bənzər yazılar

0.13584613800049