“Cari ilin dövlət büdcəsinə yenidən baxılacağı haqqında ehtimallar azdır. Çünki neftin dünya bazarında qiymətləri nə qədər yüksək olsa da, ilin ikinci yarısında bu qiymətlərin sabit qalacağını proqnozlaşdırmaq çətindir”.
Bu sözləri Milletinsesi.info-a cari ilin dövlət büdcəsində gəlirlər və xərclər arasında yaranan fərqdən danışarkən iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, neft qiymətləri ilin ikinci yarısında ucuzlaşa bilər və dövlət büdcəsi də əsasən, neft gəlirlərindən formalaşdırılır:
“Əgər büdcənin gəlirləri yenə də kifayət qədər çox olarsa, gəlir və xərclər arasında fərq yaranarsa, cari ilin büdcəsinə yenidən baxılar. Bu qərara alındıqda sosial sahəyə diqqətin artırılması vacibdir. Görünən odur ki, 2023-cü il əhalinin sosial qrupları üçün qiymətlər baxımından o qədər də rahat il deyil. Qiymətlərdə artımlar, bahalaşma davam edir. İlin ilk iki ayının nəticələrinə uyğun olaraq, hər ay 1,5 faizə qədər bahalaşma müşahidə olunur. Hökumətin qabaqlayıcı tədbirləri olmasa, ilin sonuna qədər qiymətlərdə 17-18 faiz bahalaşma baş verə bilər. Mərkəzi Bankın bu barədə proqnozları isə səkkiz faizdir. Amma problemin həlli ilə bağlı hökumət hədəfli siyasət aparmalıdır. Əməkhaqqı fondu və sosial xərclər istiqamətinə yenidən baxıla bilər. Daha çox iqtisadiyyatın şaxələndirilməsi, biznesin dəstəklənməsi, güzəştli kreditlərin verilməsi istiqamətində addımlar atılmalıdır. İnstitusional islahatlara diqqət edilməsi də vacibdir. Çünki fundamental dəyişikliklər olmasa, iqtisadi göstəricilərin yüksəlməsi də çətinləşir. 2021-26-cı illər sosial iqtisadi inkişaf Strategiyasında da müəyyən məqamlar nəzərdə tutulub. Buradakı planlarla əlaqədar prosesin sürətləndirilməsi iqtisadiyyata daha çox töhfə verə bilər”.
İqtisadçı onu da qeyd edib ki, büdcənin icrasında qısa müddət keçdiyinə görə xərclərdə zərurətin hansı istiqamətə yönəldilməsinin vacibliyi, proqnozların özünü doğruldub-doğrultmadığını görmək tezdir:
“Beş-altı aylıq büdcə nəticələri göz önündə olarsa, təhlillər əsasında planlarla reallığın nə qədər bir-birindən fərqləndiyi, yenidən təftiş edilməyə hansı istiqamətdə ehtiyacın olduğunu müəyyənləşdirmək mümkündür”.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 877 milyon manatı ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 3,66 milyard manata çatıb, bu da 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 36,3 faiz çoxdur.
Beləliklə, 2023-cü ilin fevral ayının sonuna dövlət büdcəsində 2 milyard 217 milyon manat profisit yaranıb.
Xatırladaq ki, ümumilikdə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri isə 33 300 000,0 min manat məbləğində təsdiq edilmişdi. Büdcədə neftin qiyməti 50 dollardan götürülüb.
Aysel Aslan