Problemli kreditlərin həcmi artıb - İşsizlik, sosial problemlər...

 06-04-2023
Xəbər verdiyimiz kimi, ölkədə bank sektorunda problemli kreditlər yenidən artmağa başlayıb.
 
Bu, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatdan məlum olur. Hesabata əsasən son bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 3 faiz təşkil edib. Belə ki, hazırda problemli kreditlər 606 milyon manat təşkil edir ki, bu da ümumi kreditlərin 3 faizdir.
 
Bir il əvvəl – 2022-ci ilin martın 1-ə isə problemli kreditlər 690 milyon manat təşkil edirdi.
 
Bununla yanaşı, fevral ayında problemli kreditlərin artımı müşahidə edilib. Belə ki, 2023-cü ilin yanvarın sonunda problemli kreditlər 584 milyon manat idi, fevralın sonunda isə bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.
 
Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, istehlak kreditləri artdıqca, problemli kreditlər də artacaq:
 
"İnsanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən bu kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür”.
 
Ekspert vurğulayıb ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun - hər biri çox yüksək faizlidir:
 
“Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük fazilər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Məsələn, Mərkəzi Bank uçot dərəcəsini azalda, kreditləri ucuzlaşdıra bilər. Bank sferasında rəqabətli mühitin artırılması üçün xarici bankların birbaşa bazara daxil olmasına daha geniş şərait yaradılmalıdır. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur.

Yalnız pandemiya ilə əlaqəli deyil, ümumiyyətlə Azərbaycanda bank sferasına, kredit siyasətinə diqqət ayırmaq lazımdır. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerika da sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik.
 
Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Necə ki, bir müddət öncə kreditlərlə bağlı devalivasiyalardan sonra gecikmiş də olsa, müdaxilə etmək məcburiyyəti yarandı. İndi də eyni ssenari davam edir, problemli kreditlər artır. Bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq”.
 
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, problemli kreditlərin artması texniki məqamdır və hesabatlılıqla bağlıdır.
 
Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır. Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər görülməlidir:
 
“Problemli kreditlərin qısamüddətli dövrdə dinamikasının dəyişməsi əsasən hesabatlılıqla bağlıdır. 2020-ci ildə tənzimləyici tərəfindən banklara müəyyən requlyativ güzəştlər verildi. Bu zaman onlara müəyyən gecikmələr müşayiət olunan kreditlərin toksik aktiv hesab edilməməsi ilə bağlı bir tövsiyə edildi.

Bu ilin əvvəlindən bu gecikmələr artıq hesabatlılığa pisləşmiş kredit kimi düşməyə başladı. Buna görə də bu istiqamətdə mərhələli şəkildə müəyyən artımlar müşahidə olunur. Nəzərə almaq lazımdır ki, bəzi banklar öz maliyyə göstəricilərini müəyyən qədər daha yaxşı göstərməyə çalışır. Yəni rəqəmlərlə manipulyasiya edir. Biz bunun təsdiqini ötən il bağlanan dörd bankın təcrübəsində gördük. Mərkəzi Bank sədri səviyyəsində etiraf edildi ki, həmin banklar verdiyi hesabatlarda açıqladığı maliyyə göstəricilərində dürüst davranmayıblar. Yəni tənzimləyiciyə belə düzgün məlumat təqdim etməyiblər.

Bu mənada bir sıra hallarda bu toksik aktivlərlə bağlı açıqlanan indikatorlar real vəziyyəti əks etdirmir. Buna görə də problemli kreditlərlə bağlı vəziyyəti tam görmək mümkün olmur. Bu ilin əvvəlində requlyativ güzəştlərin müddəti bir az daha artırıldı və hazırda bu tip manipulyasiyaları etmək mümkündür. Lakin güzəştlər aradan qaldırılandan sonra real qiymətləndirmə həyata keçiriləcək. Bundan sonra biz problemli kreditlərin həcminin daha sürətlə artacağını görəcəyik. Son dönəmlərdə həm biznesin həm də vətəndaşların kredit qaytarma qabiliyyəti pisləşib. Bu bir reallıqdır, bir faktdır. Belə şərtlər daxilində toksik aktivlərin artması normaldır, başa düşünüləndir”.

Bənzər yazılar

0.13695597648621