“Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır:
“Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər. Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq.
Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Dövlətimizin başçısı deyib: “Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib”.
Tacikistanlı həmkarını və bütün qardaş Tacikistan xalqını Tacikistanın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik edən dövlətimizin başçısı deyib: “Onu da qeyd etmək istərdim ki, həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq.
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.
Dövlətimizin başçısı deyib: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.
Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar”.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Tacikistan Prezidenti danışıqların bütün mövzularını işıqlandırdı. Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik”.
Dövlətimizin başçısı deyib: “Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsində, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib”.