AKİA-nın müəmmalı tenderi: 193 min manatı udan kimdir?

 04-04-2023

Azərbaycanda büdcədən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarının keçirilməsi proseslərində qanun pozuntularının olması barədə kifayət qədər yazılıb.

Zaman-zaman yerli mətbuatda araşdırmaçı jurnalistlərin və iqtisadçı ekspertlərin təqdim etdiyi xəbərlərdə dövlətdən maliyyələşən əksər qurumların sifarişçi olduqları satınalmalarda öncədən sövdələşmə, “otkad” və digər neqativ halların olması barədə faktlar yer alıb.

Qlobal.az xəbər verir ki, keçirdiyi satınalmaları şübhə doğurduğu iddia edilən dövlət təşkilatlarından biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyidir.

Öncə qeyd edək ki, Agentlik 29.03.2023-cü il tarixində “Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; Məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

Tenderin məbləği 193.300 manat təşkil edir.

Agentliyin sifarişçi olduğu tenderdə “Tag Consultangy” (2005409031) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“Tag Consultangy” – Agentliyi bəzər, özü “lüt gəzər”


Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu 193 min manatlıq tenderinin qalibi elan edilən “Tag Consultangy” MMC 2019-cu ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.

On beş manat nizamnamə kapitalı olan “Tag Consultangy” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau ev 11 A, mənzil 89 ünvanı, şirkəıtin qanuni təmsilçisi isə Quliyev Həsən Camal oğludur.

“Tag Consultangy” MMC-nin fəaliyyət profili, lisenziyaları, faktini ünvanı, əlaqə telefonları və texniki imkanları barədə açıq internet resurlarında məlumat yoxdur.

2019-cu ilin yanvar ayında yaradılan “Tag Consultangy” MMC-nin feysbuk sosial şəbəkəsində 127 nəfər izləyicisi olan “Tag Consultangy” adlı səhifəsində isə ən son paylaşım 2019-cu ilin mart ayının 20-də olub.



Şirkət bu paylaışmında Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

“Tag Consultangy” MMC satınalma müqaviləsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə 150 sayda təbliğat xarakterli video materiallar, 30 sayda maarifləndirici foto xidməti, 150 sayda sosial media marketinq fəaliyyəti, 80 sayda tv verilişin hazırlanması və yayımı, 24 sayda bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması xidmətini göstərəcək.

Texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, feysbuk səhifəsində son paylaşımı 4 il əvvəl olan “Tag Consultangy” MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinə tender müqaviləsi üzrə hansı keyfiyyətdə xidmət göstərəcəyi xeyli suallar və şübhələr yaradır.

Qalib şirkətin rəhbəri kimdir?

Aqrar Kredit və İnkişaf Agentliyinin 130 min manatlıq tenderinin qalibi olan “Tag Consultangy” MMC-nin Kənd Təsərrüfatı nazirliyinə heç də yad olmayan təşkilat olduğu deyilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə “Tag Consultangy” MMC-nin qanuni təmsilçisi Quliyev Həsən Camal oğlunun Kənd Təsərrüfatı nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri ilə dostluq münasibəti var.

İddialara görə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevin Həsən Quliyevlə xüsusi münasibətlərinin olduğu bildirilir. “Tag Consultangy” MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinin mart ayının 29-da yekun vurduğu satınalmada qalib elan edilməsində də bu münasibətlərin mühüm rolunun olduğu vurğulanır.

Daha bir məlumatda isə “Tag Consultangy” MMC-nin qanuni təmsilçisi Həsən Quliyevin də Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşaviri olduğu iddia edilir.



Qlobal.az məsələ ilə bağlı “Tag Consultangy” MMC-dən mövqe öyrənib.

Şirkətin qanuni təmsilçisi Anar Quliyev uzun illərdir iqtisadi və təhsil sahəsində çalışdığını, tagrom.az adlı layihələrinin olduğunu bildirdi. AKİA-nın sədri Seymur Mövlayevlə heç bir əlaqələrinin olmadığını vurğulayan A.Quliyev tagrom.com, tagrom.ru, tagrom.az layihələrinin Azərbaycan iqtisadiyyatına ciddi dəstək verdiklərini bildirdi.

Atasının Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirən MMC rəhbəri çoxsaylı startap layihələrinin olduğunu deyir.

Aqrar Kredit və İnkişaf Agentliyi isə sözügedən 193 min manatlıq satınalma üzrə xidmətləri “Tag Consultangy” MMC-nin hansı texniki baza ilə yerinə yetirəcəyinə aydınlıq gətirmədi.



Agentlik tenderdə iddiaçı qismində daha hansı şirkətlərin iştirak etdiyi barədə olan sualımızı da cavablandırmayıb.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.

Mənbə Qlobal.az

Bənzər yazılar

0.14012503623962