"Atəşgah” sığorta şirkəti ötən il mənfəətdən zərərə keçib. Sığorta şirkəti 2022-ci ili 517 min 987 manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildə 328 min 108 manat xalis mənfəət açıqlamışdı.
Bu barədə sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.
Ötən il "Atəşgah” ASC-nin əsas əməliyyat gəlirləri 29 milyon 984 min manat (2021-ci ilə nisbətən 18.7% çox), birbaşa toplanan sığorta haqqları 28 milyon 851 min manat (2021-ci ilə nisbətən 15.2% çox) təşkil edib.
Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 4.2% azalaraq 845 min 860 manata, sair gəlirləri 9.6% azalaraq 424 min 190 manata enib, subroqasiya gəlirləri isə 4 dəfə artaraq 1 milyon 495 min manata yüksəlib. "Atəşgah” ASC-nin cəmi gəlirləri isə 29 milyon 663,8 min manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 17% çoxdur.
Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 40% artaraq 19 milyon 606.8 min manata, o cümlədən sığorta ödənişləri 50.8% artaraq 15 milyon 908.3 min manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 6% artaraq 2 milyon 424 min manata bərabər olub. "Atəşgah” sığortanin cəmi xərcləri isə 30 milyon 181.8 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 21% çoxdur. Başqa sözlə, sığorta şirkətinin cəmi xərcləri cəmi gəlirlərini üstələdiyindən şirkətin maliyyə zərəri 517 min 987 manata çatıb. 2021-ci ildə isə sığorta şirkəti 410 min 135 manat maliyyə mənfəəti əldə etmişdi.
Cari ilin yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 17.4% artaraq 46 milyon 564,9 min manata, cəmi kapitalı isə 2.7% artaraq 16 milyon 536.8 min manata çatıb. //APA