Qida Təhlükəsizliyi Agentliyi bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib.
AQTA-dan bildirilib ki, buna baxmayaraq, təəssüf ki, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir.
AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcək.
Həmçinin, insan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 18 yaşına çatmamış yeniyetmələri, hamilə qadınları, süd verən anaları, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanları enerji içkilərindən istifadə etməməyə çağırır.