Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyalarının sabitləşməsinə dəstək məqsədilə Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasına balıq körpələri buraxılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Report”a bildirib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilib.
“Tədbirdə Xəzərin şimal hissəsinə Qızılbalıq körpələri buraxılıb və növbəti dəfə təbii artımına, bərpasına dəstək göstərilib. Ümumiyyətlə isə balıq ehtiyatlarının artırılması, bərpası məqsədilə son 2 ildə ölkənin su hövzələrinə 3 milyonadək balıq körpəsi buraxılıb və bu proses davam etməkdədir. Balıq ehtiyatlarının artımına nail olmaq üçün hamılıqla onları mühafizə etməli, qadağan olunmuş alətlərlə, qadağan olunmuş vaxtlarda balıq ovlamamalıyıq”, - Xidmət rəisi bildirib.
Nazirlik bütün vətəndaşlara, xüsusilə su hövzələri yaxınlığında yaşayan sakinlərə müraciət edib:
“Buraxılan balıq körpələrinin böyüməsinə, ümumiyyətlə balıq ehtiyatlarının qorunmasına dəstək göstərilməli, nazirlik tərəfindən irəli sürülmüş "Hövzələri sintetik torlardan birlikdə təmizləyək!” aksiyasına qoşularaq su bioresurslarının sabit inkişafına töhfə verilməlidir”.