Ağa Məhəmməd şah Qaçarın, çar Rusiyasının və ermənilərin çoxsaylı hücumuna sinə gərməsi ilə dillər əzbəri olan Şuşanın qala divarlarının böyük bir hissəsi işğal dövründə tamamilə dağıdılıb.
AZƏRTAC xəbər verir ki, tarixin bir çox amansız savaşlarının şahidi olan üç girişli bu qalanın təkcə “Gəncə” qapısı günümüzədək salamat qalıb.
Qədim və əzəmətli Şuşa qalasının tarixən 3 istiqamətdən giriş qapısı olub. Bunlar “Gəncə”, “Ağoğlan” və indiyədək nişanəsi qalan “İrəvan” qapısıdır. Müxtəlif dövrlərdə - 1905-ci, 1920-ci və 1992-ci illərdə erməni silahlı birləşmələri Şuşaya hücumları zamanı, şəhərlə bərabər qapıları da dağıdıblar.
O dövrdə “İrəvan” qapısının xüsusi əhəmiyyəti vardı. Belə ki, İrəvan xanlığından, Qərbi Azərbaycandan mötəbər qonaqlar və yüklər bu qapıdan keçərək Şuşaya daxil olurdu.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirir ki, “İrəvan” qapısı Şuşa qalasının əsas qapısından biri olmaqla, qalanın Qərb tərəfində yerləşir: “Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən “İrəvan” qapısı və ya “Xəlfəli” qapısı adlandırılırdı. Buradan uzanan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Abidənin içəri hissəsində dörd istiqamətə keçidi olan tunelin qalıqları da diqqət çəkir. Divarların yaxınlığında müəyyən ölçülərdə hücrələrə və ya onların izlərinə də rast gəlmək olur. Qeyd edim ki, “İrəvan” qapısı tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri ilə Şuşa şəhərini əlaqəndirən əsas qapı idi. Bəzi yazılı mənbələrdə görüntüləri, planları təqdim olunsa da, hazırda həmin qapı dağılmış vəziyyətdədir. Düşmən bu tarixi abidəmizi qəsdən dağıdıb”.
Fariz Xəlillinin sözlərinə görə, “İrəvan” qapısı da Şuşa qalasının digər iki qapısı kimi əzəmətli və memarlıq üslubuna görə fərqlənib. Amma “Gəncə” qapısından fərqli olaraq, “İrəvan” qapısı oxvari tağa malik iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilibmiş. Qalanın hər 3 qapısının xüsusi rolu və əhəmiyyətli olub.
Şuşa qalasının “Gəncə” qapısından çıxan yol şəhəri Gəncə ilə əlaqələndirib. Şuşa qalasının Şimal qapısı hesab edilən “Gəncə” qapısı qala divarlarının ortasında – “Ağoğlan” və “İrəvan” qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə “Gəncə” qapısı müasir dövrümüzə daha yaxşı vəziyyətdə çatıb.
Qalanın Şərq və ya “Ağoğlan” qapısının adı da şəhərin tarixindən bəhs edən sənədlərdə və bədii yaradıcılıq nümunələrində tez-tez çəkilir. 1848-ci ildə Rusiya imperiyası dövründə şəhərin Şərqində inşa edilən həbsxananın bir hissəsi qalaya birləşdirilmişdi. Bundan sonra “Ağoğlan” qapısının yeri dəyişdirilmiş və həbsxanaya giriş kimi istifadə edilməyə başlanmışdı.
Xatırladaq ki, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilən Şuşa qalası 17-18-ci əsrlər feodal dövrünün memarlıq üslubuna aid nadir abidələrdəndir. İnşa olunduğu zaman uzunluğu 3,7 kilometr, hündürlüyü 8, eni 2,2 metr olan qala divarının hər 50 metrdən bir hissəsində müdafiə bürcü tikilib.