Dövlət İmtahan Mərtkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin karyerasına son veriləcəyi ilə bağlı iddialar səsləndirilir.
Qaynarinfo.az xəbər verir ki, bu iddialar martın 12-də keçirilən buraxılış imtahanlarından sonra ortaya atılıb. İmtahanlarda sualların çətin, bəzi hallarda yanlış olması yenidən diqqəti DİM-in, daha doğrusu Məleykə Abbaszadənin fəaliyyətinə çəkib.
Əldə etdiyimiz məlumata görə, əslində bir müddətdir ki, Məleykə Abbaszadənin vəzifəsindən kənarlaşdırılması müzakirə mövzusudur. O, hazırda hakimiyyət komandasında təmsil olunan ən yaşlı məmurlardan bidir. 1953-cü il təvəllüdlü olan Məleykə xanımın 70 yaşı var. Əmək Məclləsinin 10-1.1-ci maddəsində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Məcəllənin 10-1.2-ci maddəsinə görə isə dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Beləliklə, Məleykə Abbaszadənin çalışma müddətinin artırılması ilə bağlı limit bitib.
Məleykə Abbaszadə həm də uzun müddətdir yüksək vəzifə daşıyan məmurlar kateqoriyasına daxildir. O, 1994-cü ildən yüksək vəzifə daşıyır.
Məleykə Abbaszadə 1994-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini, 2000-2016-cı illərdə isə TQDK-nın sədri olub. 2016-cı ildə qurumun adında dəyişiklik edilib. TQDK DİM adlandırılıb. Qurumun adı dəyişsə də, onun sədri dəyişməz qalıb. Yəni, Məleykə Abbaszadə 2016-cı ildən DİM sədri kimi karyerasını davam etdirib. Beləliklə, o, 29 ildir yüksək vəzifə daşıyır. Bu da onun işdən çıxarılması üçün əsas amillərdən birinə çevrilib. Çünki hakimiyyət komandasında artıq bu qədər müddət ərzində yüksək vəzifə daşıyan məmur yoxdur.
Yeri gəlmişkən, Məleykə Abbaszadənin yüksək vəzifə daşıdğı 29 il ərzində Azərbaycanda 4 təhsil naziri dəyişib: Lidiya Rəsulova (1993-1997), Misir Mərdanov (1998-2013), Mikayıl Cabbarov (2013-2017) və Ceyhun Bayramov (2018-2020). Amma Məleykə Abbaszadə dəyişməz qalıb.
DİM sədrinin karyerasına son qoyulacağı ilə bağlı iddialarda bir məqama da xüsusi diqqət çəkilir. Bildirilir ki, hələ Ramiz Mehdiyevin dönəmində ənənəsi qoyulan Elm və Təhsil Nazirliyi (həmin vaxt Təhsil Nazirliyi) ilə DİM (həmin vaxt TQDK) arasındakı qarşıdurma yenidən alovlanıb. Hər iki qurum ölkə təhsilindəki neqativ hallara görə bir-birini ittiham edir və getdikcə, qarşıdurma daha kəskin müstəviyə keçir. Bu baxımdan, məsələnin həlli kimi iki qurumun rəhbərindən birinin işdən çıxarılması nəzərdən keçirilir.
Görəsən, bu dəfə ənənə pozulacaqmı? Yəni, təhsil naziri deyil, DİM sədri postuna əlvida deyəcəkmi? Yoxsa Məleykə Abbaszadə DİM sədri kimi sələfləri qədər təcrübəli olmayan nazir Emin Əmrullayevin də yola salınmasına şahidlik edəcək?