“Bu gün Tərtərin Talış kəndinə köçürülən ailələr üçün hər cür şərait yaradılıb”.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, hazırda Azərbaycan xalqı daha bir tarixi, qürurverici günü yaşayır:
“Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə keçmiş məcburi köçkün olan 20 ailədən ibarət 90 nəfər öz torpağına, dədə-baba yurduna qayıdır. Təbii ki, üç il öncə biz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı zəfərin sevincini yaşayırdıqsa, bu gün artıq həmin zəfərin nəticəsi olaraq, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin və keçmiş məcburi köçkün soydaşlarımızın qayıdış təntənəsini, böyük sevinc hissini qeyd edirik. Talış kəndi istər siyasi, istər tarixi, istərsə də özünün füsunkar təbiəti baxımından Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir ərazidir. Bu gün Qarabağımızda daha 20 ocağın öz doğmaları ilə isinməsinə şahidlik edirik. Daha 20 evdə yanacaq çırağın işığının sevincini yaşayırıq. Buraya köçürülən keçmiş məcburi köçkünlər Bakı şəhəri, Bərdə, Samux, Goranboy və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış soydaşlarımızdır”.
“İki gün öncə onların ev bölgüsü ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tam şəffaflıq gözlənilməklə püşkatma mərasimi keçirildi. Məcburi köçkün soydaşlarımız ailə tərkibinə uyğun olaraq 2, 3, 4 otaqlı fərdi evlərlə təmin olunublar. Onu da qeyd edim ki, Talış kəndi ən müasir tələblər səviyyəsində yenidən qurulub, Prezidentin tapşırığına əsasən, bütün zəruri sosial-texniki, infrastruktur ilə təchiz olunub. Burada məktəb, uşaq bağçası, xeyir-şər evi və inzibati binada abadlaşdırma işləri aparılıb”, - Dövlət Komitəsinin sədr müavini vurğulayıb.