Bu gün Azərbaycanın görməkli rejissoru və aktyoru Ceyhun Mirzəyevin anım günüdür.
Milletinsesi.info xatırladır ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb.
Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Ceyhun Mirzəyev “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə “Ögey ana” filminə dəvət almışdı.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub.
Mərhum incəsənət adamı həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib.
1993-cü ilin mart ayının 5-də Bakıda dünyasını dəyişən incəsənət adamı Yasamal qəbiristanlığında dəfn olunub.
Fəryad filmindəki şücaətinə görə “Bakılı” cəmiyyətinin “Humay” mükafatına layiq görülüb.
Allah rəhmət eləsin!