Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı AZALDACAQ?

 04-03-2023

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır.

Azərbaycanda isə içməli su qıtlığı artıq ciddi şəkildə hiss edilməyə başlayıb. Hətta “Azərsu” ASC ötən günlərdə qənaət rejimi ilə bağlı qərar qəbul edib, paytaxtın bəzi hissələrində bu rejimə keçilib. Vətəndaşların narazılığına səbəb olsa da, qurum rəsmiləri qənaətlə bağlı xəbərdarlığın və addımların vacib olduğunu diqqətə çatdırıblar.

İçməli su probleminin təhlükəli hal alması suvarma suyu ilə bağlı məsələləri də gündəmə gətirib. Əksəriyyət hesab edir ki, qış mövsümünün quraq keçməsi önümüzdəki aylarda kənd təsərrüfatında məhsuldarlığın düşməsinə, suvarma suyu ilə əlaqədar qıtlığın yaranmasına səbəb olacaq.

Bununla bağlı Milletinsesi.info-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üz-üzədir:

“Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub. Hazırda Azərbaycanda da içməli suya müəyyən qısamüddətli qadağalar tətbiq edilir, su fasilələrlə verilir. Əkin sahələrində də qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac mütləqdir. Çünki keçən il əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq göstərdi, hətta bəziləri tamamilə məhv oldu. Xüsusilə, pambıq əkini ilə məşğul olan rayonlarda belə hal müşahidə edildi. Bu il də eyni problem gözlənilir. Qış ayları yağıntının miqdarı az, çaylarda sululuğun səviyyəsi aşağı oldu.

Ancaq hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməkdədir. Yeni suvarma texnologiyalarının tətbiqi ön plana çıxarılıb. Bu faktdır ki, suvarma suyuna qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata keçirilir. Bizim su kanallarımız çox bərbad haldadır, müasir tipli deyil, beton kanallarla əvəz olunmayıb və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq planlaşdırma həyata keçirilməlidir. Hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi, hansı ərazilərə daha çox su verilməsi kimi məsələlər təhlil edilməli, buna uyğun strategiya müəyyənləşdirilməlidir”.

Komitə sədri vurğulayıb ki, ciddi nəzarət tətbiq edilərsə, suya qənaət və kənd təsərrüfatında məhsuldarlığın artırılması mümkündür: 

“Yeni su anbarlarının yaradılması da xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı bu sahəyə daim diqqət yetirir. Ona görə indidən tədbirləri genişləndirmək, yeni su kanalları istifadəyə verilənə qədər su ehtiyatını normal səviyyədə saxlamaq lazımdır. Çayların məcrasının su anbarlarına yönəldilməsi istiqamətində işlər aparılır. Su təsərrüfatının yaxşılaşdırılması üçün əvvəlki illərdən fərqli olaraq, bu ilin dövlət büdcəsində daha artıq xərclər nəzərdə tutulub.

Eynilə beton kanalların istifadəyə verilməsi işləri davam etdirilir. Yeni su mənbələrinin üzə çıxarılması istiqamətində də müvafiq orqanların addımlarını görürük. Hökumətin bu sahədə böyük tədbirlər planı var, hətta Dövlət proqramı səviyyəsində qərarların qəbul edilməsi gündəmdədir”.

Aysel Aslan

Bənzər yazılar

0.29307508468628