“Şəms” körpələr evi uşaq bağçasının təsisçisi Şahin Qasımzadə: “Prokurorluq icra hakimiyyətinin baş memarına qarşı nəsə etməyə qorxur” - Video

 13-05-2022

“Mənim şikayətim Nəsimi rayon prokurorluğunun hərəkətsizliyindəndir. Bu hərəkətsizlik Nəsimi rayon prokurorluğuna Nəsimi Rayon İcra Hakimiyyətinin baş memarı Ələsgər Rüstəmov barəsində 2 ay bundan qabaq daxil olmuş materiallarla bağlıdır. 2 aydan çoxdur Nəsimi rayon prokurorluğu bu barədə heç bir ölçü götürmür”.

Bu sözləri Yeniavaz.com-a müraciətində Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 74 ünvanında yerləşən xüsusi mülkiyyətin sahibi, “Şəms” körpələr evi uşaq bağçasının təsisçisi Qasımzadə Şahin Məhərrəm oğlu bildirib.

Ş. Qasımzadənin sözlərinə görə, ötən ilin aprel ayında Ə. Rüstəmov uşaq bağçasına gələrək söküntü işləri aparıb:

“15 aprel 2021-ci ildə səhər saatlarında iki saatlıq müddətdə Ə. Rüstəmov öz 40 qoçusu ilə burada oldu. Onlar bağçanın divarına vurulmuş aqlayı sökməyə başladılar. Onlardan sökülmə ilə bağlı sənəd tələb edəndə bizə heç nə göstərmədilər. Bizi təhqir etməyə başladılar. Daha sonra həyat yoldaşıma xəsarət yetirdilər. Ə. Rüstəmov hamını təhqir edirdi, deyirdi ki, sökün, dağıdın. Bu, Ələsgərin azğınlığı idi. Ona görə də onunla bağlı materiallar bütün dəqiqliyi ilə Nəsimi rayon prokurorluğuna göndərilib. Lakin prokurorluq heç bir hərəkət etmir”.

O bildirib ki, iki aydan çoxdur göndərilən materiallara baxılmır:

“Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə vəzifə səlahiyyətlərini aşdığına görə Ə. Rüstəmovla bağlı polisdən ayrılan materiallar prokurorluğa daxil olub. Belə görünür ki, prokurorluq icra hakimiyyətindən ya qorxur, ya da çəkinir. Çünki bu, hüquqi müstəvidə həll olunan bir şeydir. Sadə vətəndaş öz səlahiyyətlərini aşsa, onun barəsində həmin andaca tədbir görülür. Lakin 2 aydan çoxdur baş memar Ə. Rüstəmov barəsində ayrılıb göndərilmiş materiallar - dəlillərlə, sübutlarla, videogörüntülərlə, şahidlərin iştirakı ilə göndərilib - ilə bağlı heç bir ölçü götürülmür. Onlar əgər icra hakimiyyətindən çəkinməsəydi, qorxmasaydı, çoxdan bu işi başlayıb hüquqi müstəvidə həll etmişdilər. Prokurorluq baş memara qarşı nəsə etməyə qorxur, çəkinir”.

Şikayətçi sonda Azərbaycanda hüquq sistemi olduğunu xatırladaraq bunları deyib:

“Bizim dövlətdə hüquq sistemi var. Mən uzun illər Ulu öndərin, onun ailəsinin mühafizəsi ilə məşğul olmuşam. Biz o vaxtı orqan olaraq ayağımızı sağa atanda qorxurduq ki, kişinin qulağına çatar. Amma bu gün bu insanları anlaya bilmirəm. Mən Prezidentimizdən, möhtərəm İlham Əliyevdən, birinci xanımdan xahiş edirəm, bu quldurların, qoçuların qarşısı alınsın. Bu məsələni Baş Prokurorluq, Bakı şəhər prokurorluğu nəzarətə götürsün ki, baş memar barədə iş, hərəkətlilik davam etsin, hüquqi müstəvidə bu işin öhdəsindən gəlinsin”.

Səsləndirilən iddilarla bağlı Nəsimi rayon prokurorluğu ilə əlaqə saxladıq. Lakin prokurorluq tərəfindən ünvanladığımız suallara cavab verilmədi.

Həmçinin Nəsimi rayonu icra hakimiyyətinin memarı Ələsgər Rüstəmovla da əlaqə saxlamağa çalışdıq. Memarla əlaqə qurmaq cəhdlərimiz uğursuz oldu.

Şahin Qasımzadənin şikayəti ilə bağlı hazırladığımız reportajı təqdim edirik:

Bənzər yazılar

0.49660515785217