“İrəvan Ankara ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, o zaman ilk növbədə Bakı ilə mehriban qonşuluq münasibətləri qurmalıdır”.
Bu barədə müstəqil türkiyəli jurnalist və analitik Əbdürrəhman Kamburoğlu a açıqlamasında bildirib.
Kamburoğlu zəlzələdən sonra Ermənistanın Türkiyəyə yardımı və xarici işlər naziri Ararat Mirzoyanın bu ölkəyə səfəri, həmçinin bunun ekspert birliyi tərəfindən Türkiyə və Ermənistan arasında münasibətlərin nizamlanmasında yeni addımlar kimi qəbul edilib-edilməməsi ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, ilkin olaraq Türkiyənin mövqeyi barədə danışmaq lazımdır. “Ankara İrəvanla dialoqun və münasibətlərin yoluna qoyulması mövqeyindən çıxış edir. Lakin bunun üçün bir sıra məsələlərin həll edilməsi zəruridir. Ermənistan öz şərtlərini irəli sürür, Türkiyənin də öz şərtləri var. Azərbaycanı da unutmaq olmaz. Türkiyə Ermənistanla münasibətlərinin nizamlanmasını Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqələndirir. Açıq deyəcəyəm, Türkiyə və Ermənistan münasibətlərinin nizamlanması Azərbaycandan keçir. Əgər İrəvan Ankara ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, o zaman ilk növbədə Bakı ilə mehriban qonşuluq münasibətləri qurmalıdır. Türkiyə Azərbaycanın problemlərini öz problemləri hesab edir”, - deyə jurnalist vurğulayıb.
“Bəli, Türkiyə Respublikası humanitar yardım almaq üçün Ermənistanla sərhədi açdı, axı faciə baş verib, bu müstəsna haldır. Bu, KİV-in və ictimaiyyətin diqqətini çəkdi. Bunda heç bir hiylə axtarmağa ehtiyac yoxdur. Baxın, Türkiyə ilə Yunanıstan arasındakı gərginliyə baxmayaraq, Afina öz köməyini, xilasedicilərini göndərdi və Ankara bunu minnətdarlıqla qəbul etdi. Bundan əlavə, Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri də Türkiyəyə səfər etdi”, - deyə analitik əlavə edib.
Nair Əliyev