İtaliyanın Nazirlər Şurasının Sədri İlham Əliyevə zəng edib

 08-03-2022

Martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib. Bu müddət ərzində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.

Söhbət əsnasında Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu bildirilib. Enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutur.

Telefon danışığı zamanı mədəniyyət və təhsil sahələrində həyata keçirilən uğurlu əməkdaşlıq layihələri müzakirə olunub və bu xüsusda Bakıda İtaliya-Azərbaycan universitetinin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlər mübadiləsinin davam etdirilməsinə razılıqlarını bildiriblər.

Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

0.21106886863708