Rüşvətə görə tutulan dekana 4 aylıq ev dustağı CƏZASI VERİLİB

 02-02-2023

Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib.

Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərti ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, professor Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanıdır.

Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Bundan başqa, Baş Prokurorluğun yaydığı məlumata görə, Aqrar Universitetin korrupsiya əməllərinə yol vermiş vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tələbələrdən rüşvət alan vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Azərbaycan Dövlət Aqrar Universitetində dekan işləyən Famil Nəsibovun rəhbərlik etdiyi fakültənin bəzi tələblərinin dərslərdə iştirak etməməsi və imtahanlarda məqbul qiymətlər yazılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Famil Nəsibovun üzərində və xidməti otağında aparılan axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb, Famil Nəsibova həmin Məcəllənin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Digər qanunazidd halların müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bənzər yazılar

0.20935010910034