Kamran Əliyev Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edir

 05-05-2022

Azərbaycan Baş prokuror Kamran Əliyev Palermo şəhərində keçirilən Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edir.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, tarixi Norman ədalət sarayında işinə başlayan tədbiri İtaliyanın Baş prokuroru Covanni Salvi açıq elan edib.

O, çıxışında müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa və cinayətkar qruplara, xüsusi ilə mafiyaya qarşı mübarizədə, kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Konfransın plenar sessiyasında əsas hüquqların müdafiəsi kontekstində prokurorların müstəqilliyi, qərəzsizliyi və hesabatlılığı mövzusunda çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib. Prokurorluq orqanlarında həyata keçirilən islahatlar çərçivəsində kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr haqda iştirakçılara məlumat verilib.

Kamran Əliyev transmilli mütəşəkkil cinayətkarlığın müasir çağırışlarına, xüsusilə kriptovalyuta və yeni texnologiyalar vasitəsilə törədilən yeni növ cinayətlərin istintaqında çevikliyin və səmərəliliyin təmin olunması məqsədilə prokurorluq orqanları arasında birgə fəaliyyətin, o cümlədən hüquqi yardım haqqında sorğuların icrasının intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Konfrans çərçivəsində İtaliyanın Baş prokuroru Covanni Salvi ilə ikitərəfli görüş keçirilib. Ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğu vurğulanaraq bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyi qeyd edilib. Prokurorluqlar arasında əlaqələrin bundan sonra daha dinamik inkişaf etdirilməsinə dair razılıq əldə olunub, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans işini davam etdirir.

Bənzər yazılar

0.19673991203308