Ölkədə yeni müəssisələr fəaliyyətə başlasa da, lakin yeni iş yerlərinin açılması barədə Məşğulluq Mərkəzinə məlumat verilmir və bu da yolverilməz haldır.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlament komitələrinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bununla bağlı müraciətlər olur: “Fəaliyyətə başlayan müəssisələr vakant yerləri barədə Məşğulluq Mərkəzini məlumatlandırmır. Vakant yerlər barədə məlumatın verilməsi əmək bazarının səmərəli tənzimlənməsi üçün vacib amildir. Belə demək mümkünsə, bu əmək bazarının tələb və təklifi baxımdan əhəmiyyət kəsb edir. Bu məsələlərin gələcəkdə nəzərə alınması məqsədəuyğun olardı”, - deputat qeyd edib.
Azər Əmiraslanov “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən də bəhs edib.
Bildirilib ki, adı çəkilən qanunun 21-ci maddəsi ilə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsi təsbit edilir. Təklif edilən qanun layihəsi həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsinin də əlavə edilməsinin hüquqi əsaslarını yaradır.