"Şəfiqə Məmmədovanın ittifaqından istefa verənlərdən bizim quruma üzv olmaq üçün müraciət edən yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir qrup üzvlərinin istefasaından danışarkən deyib.
Sədr rəhbərlik etdiyi təşkilata alternativ olan ittifaqı tərk edən üzvlərdən gözləntilərinin olmadığını bildirib:
"Mənim onlardan gözləntim yoxdur, istəyərlər gələrlər, istəməzlər yox, qərar onlarındır. O vaxtlar həmin adamları hədə-qorxu ilə yığdılar. Hərəsi bir yerdə işləyirdi. Dedilər ki, kim Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqa üzv olmasa, işindən çıxardılacaq. Əksəriyyəti məcburiyyət qarşısında qalaraq, işini itirməmək üçün təşkilata üzv olduıar. Bir-bir hamını çağırıb, hədə-qorxu gəlirdilər ki, mütləq Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi quruma üzv olmalısan. Amma aralarında elə adamlar var idi ki, könüllü getdi”.
Rasim Balayev mərhum Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqın iki yerə bölünməsində "xidmət”ləri olan şəxslərin adlarını açıqlayıb: "Bizi iki yerə bölən adamlar var idi. Ramiz Mehdiyev və Əli Həsənov əlindən gələni edirdi ki, Rüstəm İbrahimbəyovun ittifaqını dağıtsın".
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir qrup üzvü istefa verib.