Sumqayıt çayında ekoloji fəlakət yaşanır. Belə ki, bir neçə gündür ki, çay bilərəkdən toyuq cəsədləri ilə çirkləndirilir.
Vaxtı-vaxtında təmizlənməyən ərazidəki çirkab bəs etməmiş kimi, atılan leşlərdən gələn qoxu da nəfəsləri kəsir. Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar ətrafda sahibsiz itlərin də çoxalmasına səbəb olub.
Sumqayıt çayına bilərəkdən toyuq cəsədləri atan şəxs cəzalandırılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib.
Onun sözlərinə görə, toyuq leşlərinin Sumqayıt çayına atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb:
“Sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma ilə tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.
Xidmət rəsmisi qeyd edib ki, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib:
“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq. Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə o qeyd edib.