“Həmin gün axırıncı iş günü idi. Səhəri, dekabrın 15-i evə gələcəkdi. Biz onun gəlişini gözləyirdik, mən ona nələr hazırlamışdım. Çoxlu yeməklər bişirmişdim. Qismət olmadı”.
Bu sözləri “Qafqazinfo”ya 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətovun həyat yoldaşı Nurlanə Hümbətova onunla bağlı xatirələrini bölüşərkən deyib.
Onun sözlərinə görə, Z. Hümbətov 20 il idi ki, hərb sahəsində olub. Yaxşı xidmət etdiyinə görə “Komando”ya seçilib:
“Kəşfiyyata keçəndən sonra onu Kəlbəcərə göndərdilər. Orada 2 il idi ki, işləyirdi. Oktyabrın 22-də xidmətinin 20 ili tamam oldu və pensiyaya çıxmaq istəyirdi. Evə gəlib hərbi biletini apardı ki, pensiyaya çıxacaq. Lakin qismət deyilmiş.
Evə gəlməyini uşaqlar çox gözləyirdilər. Biləndə ki, gələcək elə sevinirdilər... Sevinirdilər ki, ataları onları məktəbə aparacaq. Evdə olmurdu, heç vaxt onları məktəbə apara, gəzdirə bilmirdi. Ona görə yolunu həsrətlə gözləyirdilər”.
N. Hümbətova deyir ki, həyat yoldaşı xasiyyətcə çox şən, deyib-gülən olub:
“Evə gələndə də musiqini qoşar, uşaqlarla oynayardı. 11 ildir evliyik, bu dövrün yarısını çöllərdə oldu. Bundan sonra uşaqların yanında olacaqdı, o da qismət olmadı. Vətən müharibəsindən əvvəl Aprel döyüşləri, sonra Tovuz döyüşləri, bu ilin sentyabrındakı döyüşlərdə iştirak edib. Müharibə vaxtı əlaqə saxlaya bilmirdik. Ancaq arada zəng edib deyirdi ki, yaxşıyam, vəssalam. Evə gələndən sonra da danışmazdı. Deyirdi ki, hərbi sirri evdə danışmaq olmaz.
Torpaqlarımızın azad olunmasına hamı kimi sevinirdi. Amma şəhidlərimizə görə çox pis olurdu. Neçə il bir yerdə işlədiyi yoldaşları da şəhid olmuşdu, həmişə onları düşünürdü”.
Şəhid xanımının sözlərinə görə, həyat yoldaşı həmişə əsgərlərinə qayğı ilə yanaşıb:
“Əsgərlərlə münasibəti də bütün hərbçilər kimi idi, onlara övladları kimi baxırdı. Evdən gedəndə hər şey qoyardım, yolüstü şirniyyat alardı. Çaydan almışdı, deyirdi əsgərlərə çay qoyaram. Onlara çox bağlı idi. Telefonuna zəng edəndə bəzən məşğul olurdu. Deyirdi, telefonu əsgərlərə verirəm ki, valideynləri ilə danışsınlar. Əsgərlərini çox istəyirdi”.
N. Hümbətova deyir ki, həyat yoldaşı işğaldan azad olunan torpaqlardan çox danışardı, xüsusən də Kəlbəcərdən. Bir gün o torpaqlara övladları ilə birgə getmək qəhrəman hərbçimizin arzusu imiş:
“Murovu keçib Kəlbəcərə getmələrindən, rayonun gözəlliklərindən danışardı. İstisuya heyran olmuşdu. Oradan uşaqlara isti su gətirmişdi. Arzusu var idi, bizə deyirdi ki, yollar açılan kimi sizi ora aparacağam.
Oğlumuz Turanın 7 yaşı var, qızlarımız Günel və Gülnarə 10 və 11 yaşlarındadırlar. Uşaqlarının hamısının təhsil almasını istəyirdi. Deyirdi Bakıda universitetdə oxuyarsınız. Uşaqlar da yaxşı oxuyurlar, inşallah onun arzusunu yerinə yetirərlər”.
Qeyd edək ki, şəhid Hümbətov Zöhrab Məmməd oğlu 1984-cü il Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olub. O, 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində 3 hərbçi yoldaşı ilə bərabər şəhid olub. Hərbçimiz Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.