“Yaşıl Marafon” çərçivəsində kütləvi ağacəkmə aksiyaları KEÇİRİLİB

 24-12-2022

Dekabrın 24-də IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

IDEA-dan Milletinsesi.info-a verilən məlumata görə, gənc könüllülərin iştirakı ilə Bakının Xocasən və Müşfiqabad qəsəbələrində keçirilən aksiyalar zamanı ümumilikdə 4 hektar ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı, zeytun, Şərq çinarı və oleandr ağacı əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir. 

Kütləvi ağacəkmələr eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılması ilə bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Bənzər yazılar

0.14542508125305