Azərbaycana yatırılan xarici investisiyalar azalıb

 20-04-2022

2022-ci ilin ilk 2 ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 560,2 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 554,7 milyon manatı (99,0 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.

2022-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 55,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 17,2 faizini əsaslı təmir, 5,8 faizini cari təmir, 21,6 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 90,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Xarici sərmayədarlar, demək olar ki, Azərbaycana pul qoymurlar”

İqtisadçı Nemət Əliyev deyir ki, xarici sərmayədarlar demək olar Azərbaycana pul qoymurlar. Səbəb isə biznes üçün ölkədə əlverişli şəraitin olmamasıdır.

Onun fikrincə, təkcə bu ilin ilk 3 ayı ərzində xarici sərmayəçilərin əsas vəsaitlərə yatırılan investisiyaları 33 faiz və ya 369 milyon manat azalıb:

“2021-ci ilin yanvar-mart aylarında Azərbaycana 1133 milyon manat yatırım edən xarici müəssisə və təşkilatlar 2022-ci ilin yanvar-mart aylarında bu göstəricini 764 milyon manata endirib. Buradakı “33 faiz azalma” nominal azalmadır. Real azalma faizi isə daha yüksəkdir”.

Xarici sərmayənin payı 31 faizə düşüb”

Nemət Əliyev bildirir ki, əgər xarici sərmayənin ümumi sərmayədə payı ötən il 48 faiz olmuşdusa, bu il 17 faiz bəndi azalaraq 31 faizə düşüb:

“Halbuki işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparılmasına, həmçinin iqtisadi və sosial həyatdakı itkilərin yerini kompensasiya etməyə olan böyük zərurət hökumət qarşısında ölkəyə xaricdən böyük maliyyə vəsaitləri cəlb etmək öhdəliyi qoymuşdu”.

İqtisadçı deyir ki, Dövlət Statistika Komitəsinin 2022-ci ilin 1-ci rübünə dair açıqladığı rəsmi məlumatlardan da görünür.

Hökumət bu vəzifənin heç yaxınlığına da düşə bilməyib:

“Nəinki yaxın düşə bilməyib, əldə-ovucda olan vəsaitlərin bir hissəsi də ölkəni tərk edib. Görünür, xarici iş adamları Azərbaycanı sandığımızdan da yaxşı tanıyırmışlar. Ölkədə bu dərəcədə acınacaqlı vəziyyətin yaranmasının səbəblərini heç kəs başqa yerlərdə axtarmağa tələsməsin. Çünki bunun obyektiv səbəbləri köklü şəkildə ölkədaxili ictimai, siyasi, hüquqi, psixoloji, hətta sosial şəraitlə əlaqədardır”.

“Xarici investorları elə də avam hesab etməyin”

Müstəqil iqtisadçılar, şərhçilər daim açıqlamalarında bildirirlər ki, nə qədər Azərbaycanda ədalətli hüquq sistemi olmayacaq, azad iqtisadi bazardan söhbət gedə bilməz.

Onlar xarici sərmayəçilərin birinci fikir verdikləri məhfumun ədalətli hüquq sistemi olduğunu düşünürlər.

Nemət Əliyev də belə düşünür. O hesab edir ki, nə qədər ölkədə özbaşınalıq, narkotik şərləmələri, qanunsuz həbslər, işgəncələr, qətllər, yaxşı olmayan idarəçilik, vətəndaş cəmiyyətinin susdurulması, qanunların ayaq altına atılması, vətəndaşların konstitusiya hüquqlarının heçə sayılması, seçicilərin hüquqlarının əllərindən alınması və s. kimi proseslər gedir, ölkəyə xarici investorlar gəlməyəcək.

“Hətta gələnlər də baş götürüb gedəcək. Təsəvvür edin ki, yolu bircə dəfə Azərbaycan Respublikasının Gömrük Komitəsindən düşən xarici iş adamı növbəti dəfə oralara ayaq basmaz. Xarici investorları elə də avam hesab etməyin, çox ayıqdırlar, düşünüb nəticə çıxarırlar ki, əgər həqiqətən də, Azərbaycan biznesin inkişafı üçün əlverişli və təhlükəsiz ölkə olsaydı, yəqin ki, Feyziyev, onun kimi yüksək vəzifə, titul gəzdirən digərləri Azərbaycan milyonlarını xarici ölkələrə, ofşor şirkətlərə daşımazlar”, – deyə o bildirib.

Son 6 ildə

Azərbaycana yatırılan xarici investisiyaların həcmi 2014-cü ildən bu yana azalmağa başlayıb.

Həmin il Azərbaycana qoyulan xarici investisiya 10161,1 milyon dollar olub. Həmin ildən sonra investisiya qoyuluşları azala-azala gedib.

2015-ci ildə ölkəyə yatırılan xarici investisiya 10719,1 milyon, 2016-cı ildə 10161,1 milyon, 2017-ci ildə 9120,5 milyon, 2018-ci ildə 8236,5 milyon, 2019-cu ildə 7129,1 milyon, 2020-ci ildə isə 6125,4 milyon manat olub.

Nemət Əliyev də deyir ki, son 6 ildə Azərbaycana qoyulan xarici sərmayələr 63 faiz və ya 4 milyard 267 milyon dollar azalıb.

Azərbaycanın iqtisadi azadlığı

Azərbaycan iqtisadiyyatı “orta azad” hesab edilir. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır. İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.

Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə belə bildirilir.

Hesabatda Azərbaycan 75-ci pillədə yer alıb.

İndeks iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə 177 ölkəni dəyərləndirib.

Kateqoriyalar üzrə həmin ölkələrin orta balı hesablanıb.

Bura əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığı daxildir.

Qonşu ölkələr

Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan 26-cı sırada yer alıb. Bununla “əsasən azad” ölkələr sırasına düşüb. Bu kateqoriyada 27 ölkə var. Gürcüstandan əvvəldə Çexiya, ABŞ, İngiltərə, sonrasında isə Malta gəlir.

Ermənistan da Azərbaycan kimi “orta azad” kateqoriyasına düşüb. Ancaq Azərbaycandan 17 pillə öncə, 58-ci yerdə qərarlaşıb. Əvvəlində İtaliya, sonrasında isə Serbiya, Kolumbiya gəlir.

Qazaxıstan 64-cü pillədə qərarlaşıb. O da “orta azad” kateqoriyalı ölkələr sırasındadır. Özündən əvvəl İndoneziya, sonra isə Sent-Lüsiya yer alıb.

Azərbaycan rəsmiləri adətən açıqlamalarında ölkədə iqtisadi azadlığın olduğunu bildirirlər. Biznes qurmaq üçün şəraitin olduğunu deyirlər.

Müstəqil ekspertlər isə daim açıqlamalarında əksinə, yerli qurumların açıqladığı hesabatlara şübhə ilə yanaşdıqlarını bildiriblər.

Səbəb kimi isə ölkədə müstəqil araşdırma aparan qurumların olmamasını, dövlətə bağlı qurumların isə “hər şey yaxşıdır” görünüşü yaratmaq üçün yanıldıcı nəticələr açıqlamasını göstərirlər.

Mənbə meydan tv

Bənzər yazılar

0.22199296951294