Azərbaycan Ordusunda və cəmiyyətində sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı münasibətin mənfi olduğu heç kimə sirr deyil. Bunun da təbii ki, öz səbəbləri var. Onunla birgə işləmiş, onun tabeliyində olmuş hərbçilərin, eləcə də hərbi-siyasi elitada təmsil olunmuş müxtəlif şəxslərin N.Sadıqovla bağlı açıqlamalarında, müsahibələrində dəfələrlə bu şəxsin ordumuza, dövlətimizə qarşı xəyanətlərə yol verdiyi, Azərbaycanın deyil, Moskvanın maraqlarına xidmət etdiyi barədə çoxsaylı iddialar, ittihamlar səsləndirilib.
N.Sadıqovun 44 günlük müharibənin ilk günlərində ordunun idarə edilməsindən kənarlaşdırılmasından dərhal sonra Rusiyadakı Kremlə yaxın KİV-lərin, təbliğatçıların, hərbi ekspertlərin, politoloqların və s. narahatlıq dolu mövqeyi, onun “Moskvaya işləməsi” barədə deyilənlərin dolayısı ilə təsadüfi olmadığını göstərdi.
Bugünlərdə Azərbaycan Müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov mətbuata müsahibəsində Nəcməddin Sadıqov haqda bir sıra ittihamlar səsləndirərək, onu satqın adlandırıb.
E.Orucovun özünə də birmənalı münasibətin olmamasına baxmayaraq, onun N.Sadıqovla bağlı fikirləri marağa səbəb olub və “manset.az” E.Orucovun ittihamlarına dair N.Sadıqovun özündən açıqlama alıb. Özünü hələ də çox vacib adam hesab etdiyi dərhal sezilən N.Sadıqovun reaksiyası qısa olub: "Kimdir o? Kimdir, Elbrus Orucov? Bəsdirin, əl çəkin məndən, öz işinizlə məşğul olun. Məni əsəbləşdirməyin, bu şeyləri də yığışdırın!"
Görünür, özünü sanki mətbuatla deyil, öz tabeçiliyindəki şəxslərlə, yaxud köməkçiləri, qulluqçuları ilə danışırmış kimi aparan Sadıqovun başından hələ də “naçalnik qenştaba” havaları çıxmayıb və anlamaq istəmir ki, “öz işinizlə məşğul olun” dediyi mətbuat təmsilçisinin işi elə onun kimiləri danışdırmaqdır.
Uzun illər ordunun gözdən salınması, orduya Türkiyə standartlarının gətirilməsinin, deməli həm də onun güclənməsinin qarşısının alınması üçün atılmış addımlarda Sadıqovun əsas fiqurlardan biri olduğuna dair çoxsaylı iddialar var. Lakin bütün bunlar təəssüf ki, lazımi səviyyədə araşdırılmır. Əvəzində, belə görünür ki, Sadıqov özünü çox vacib, toxunulmaz və əlahiddə biri hesab etməkdə davam edir. Onun mətbuata ədalı və yekəxana cavabları da yəqin ki, bundan irəli gəlir.
“Elbrus Orucov kimdir” deyən Sadıqovdan soruşan lazım idi ki, bəs, sən özün kimsən? Əgər sən və sənin kimilər doğrudan da səmimi, təmənnasız və vicdanlı şəkildə Azərbaycana, onun ordusuna, qələbəsinə xidmət etsəydiniz, sizə ən yüksək səviyyədə inam olsaydı, müharibənin ilk günlərindəcə kənara atılmazdınız. Demək, bu savaş və qələbə üçün təhlükə mənbəyi olmusunuz!
“Əsəbləşməyə” gəlincə, haqlı və vicdanı təmiz olan şəxs əsəbləşmək əvəzinə, onun ünvanına söylənənlərə dürüst və təmkinlə cavab verər. Əslində, Sadıqov kimilərin nə əsəbləri, nə sağlamlığı, nə rahatlığı səngərdəki əsgərin, qazinin, şəhid ailələrinin, xəyanət adı altında şərlənib həbsə atılan, işgəncə verilən günahsız hərbçilərimizin əsəbindən, sağlamlığından artıq deyil. İndi, bir qədər gec olsa da, artıq bu cür “generallar”dan hesab sormaq zamanıdır və belələri təkcə jurnalistə yox, istintaqa, məhkəməyə cavab verməlidirlər...
Mənbə AzPolitika.info