Mövlud Çavuşoğlu Şuşa-Xankəndi yolundakı DURUMDAN DANIŞIB: “Azərbaycan bu məsələdə haqlıdır”

 14-12-2022

“Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir: “Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır: “Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov və türkmənistanlı həmkarı Rəşid Meredov ilə üçtərəfli zirvə görüşündən sonra enerji, ticarət və iqtisadiyyat, gömrük, nəqliyyat, elm, təhsil və mədəniyyət sahələrində beş sənəd imzaladıqlarını bildirib: 

“Türkmənistanın təbii qazı məsələsində üç ölkənin (Türkiyə-Türkmənistan-Azərbaycan) xeyrinə ortaq addımlar atmağa hazırıq və bu məsələ ilə bağlı işçi qrupu yaradılmasına qərar verdik”, - deyə o bildirib.

M.Çavuşoğlu dünyada baş verən epidemiya və qeyri-sabitlik səbəbindən fasiləsiz tədarük zəncirləri və nəqliyyat dəhlizləri kimi anlayışların daha qabarıq şəkildə özünü büruzə verdiyini, Şərq-Qərb əlaqəsini inkişaf etdirməyin və regional əlaqələrin gücləndirilməsinin ortaq məqsədləri olduğunu qeyd edib.

Dünyanın ən böyük qitələrarası ticarətinin Asiya ilə Avropa arasında olduğunu deyən Çavuşoğlu vurğulayıb:

“Bu marşrutun onurğa sütunu türk dünyasıdır. Zirvə toplantısında Xəzərdən keçməklə Orta Dəhlizdə ortaq marşrutlarda nələr edə biləcəyimizi də müzakirə etdik. Türkmənbaşı limanı və azərbaycanlı qardaşlarımızın qarşı sahildə tutumunu artırdıqları Bakı-Ələt limanı Orta Dəhlizin mühüm sütunlarıdır. İmzaladığımız Nəqliyyat üzrə Anlaşma Memorandumu da Xəzər vasitəsilə tranziti asanlaşdıracaq daha bir addım olacaq”.

O bildirib ki, üç ölkənin əməkdaşlığı təkcə onların deyil, həm də qonşu dövlətlərin rifahına və sabitliyinə töhfə verəcək.

Bənzər yazılar

0.23803114891052