Bakı şəhərinin 25 nömrəli tam orta məktəbində ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərdiyi iddia edilib.
Bu barədə valideynlərdən biri sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, müəllim şagirdlərlə kobud davranır, onları sanitar qovşağa buraxmır.
Məsələ barədə məktəb ilə əlaqə saxladıq.
25 nömrəli tam orta məktəbdən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki,
sosial şəbəkələrdə məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb:
“Müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.
Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunublar və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər”.
“Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib”, - deyə qeyd edilib.