Əhəd Abıyevin jurnalisti həbs etdirmək İSTƏYİ ALINMADI

 18-04-2022

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev jurnalist Cavid Şirəliyev barəsində xüsusi ittiham qaydasında şikayət verib.

APA xəbər verir ki, şikayət ərizəsində iddia olunub ki, Cavid Şirəliyev bir neçə gün əvvəl saytlardan birində icra başçısı barəsində şərəf və ləyaqətə xələl gətirən məqalə yayımlayıb.

Bununla bağlı jurnalistin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə ittiham olunması tələb olunub.

Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda jurnalist çıxış edərək sözügedən xəbərin imzasız yayımlandığını, yazının ona aid olmadığını diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə Əhəd Abıyev tərəfindən verilmiş şikayət əsassız hesab olunaraq icraata götürülməyib.

Qeyd edək ki, Cavid Şirəliyevin sözlərinə görə, şikayətə səbəb bir neçə gün öncə “7GÜN.org” saytında Əhəd Abıyevin bir aktrisa ilə münasibətlərinə dair dərc edilən məqalə səbəb olub. Məqalədə müəllifin kimliyi göstərilməyib.

Jurnalistin dediyinə görə, o, “7 GÜN. org” saytı ilə sadəcə əməkdaşlıq edir, adı çəkilən məqaləni isə o yazmayıb.

“Mən bilmirəm, niyə mənimlə bağlı şikayət verilib. Mən məqalənin müəllifi, saytın ştatlı əməkdaşı deyiləm. Bu yazı ilə də uzaqdan-yaxından əlaqəm yoxdur. Mən “7Gün.az” adlı sayt təsis etmişdim, həmin sayt da fəaliyyətini 8 ay öncə dayandırıb,” - Cavid Şirəliyev bildirib.

 

Bənzər yazılar

0.24635195732117