Ana azyaşlı oğlunun meyitini bataqlığa atdı, sevgilisini... - QANDONDURAN CİNAYƏT

 15-04-2022

Goranboyda sevgilisinin azyaşlı övladını öldürməkdə təqsirləndirilən Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anar Məmmədovun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Gülayət Təhməzovanın 11 yaşlı oğlunu hansı səbəbdən öldürdüyü və qadının öz oğlunun ölümünü gizlətmək istəməsi ictimaiyyət üçün hələ də anlaşılmaz qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, Anar Məmmədov kafedə tanış olduğu Gülayətlə birlikdə qeyri rəsmi münasibətdə yaşamağa başlayıb. Bu səbəbdən qadın azyaşlı övladlarını da birlikdə yaşadıqları evə gətirib.

Ötən il avqustun 13-də Anar Məmmədov Gülayətin 2010-cu il təvəllüdlü oğlu Fərid Təhməzovun gün ərzində evin həyətində oynayaraq səs-küy salmasına dair şikayətlənməsindən əsəbiləşir. Və buna görə, kirayə qaldıqları otağın giriş qapısının qarşısında Fəridin üzünə 2 sillə vurub. Bundan sonra əsəbi soyumadığı üçün azyaşlını otağa salır və onun sinəsinə xüsusi amansızlıq göstərərək, iki təpik vurub. Anar bununla da qane olmur. Məmmədov evin həyətindən götürdüyü çubuqla uşağın əl-ayaqlarına və  döş qəfəsinə vurur. Azyaşlı qabırğalarının sınması ilə bağlı ağ ciyərin cırılması və kəskin daxili qanaxma keçirir. Nəticədə uşaq ötən il 15 avqustda saat 8 radələrində ölüb.

Bundan sonra Anar Məmmədov Gülayət Təhməzova ilə birgə uşağın meyitini Goran qəsəbəsi istiqamətində bataqlığa atıblar. Bundan sonra isə polisə Fərid Təhməzovun itkin düşməsi haqda elan veriblər. Axtarışlar zamanı Fəridin meyiti tapılıb. Araşdırma zamanı onun Anar Məmmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Anar Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Anar Məmmədov ifadəsində deyib ki, 2020-ci ilin yay aylarında Goranboy şəhərində kafe açıb:

“Kafeni işlədən zaman Gülayətlə tanış oldum. O Goronboyda Leyla adlı qadının evində yaşayırdı və əxlaqsız həyat tərzi keçirirdi. Mən də dəfələrlə onunla intim münasibətdə olmuşam. Bir gün kafedə ofisianta ehtiyac yarandı. Mən də Gülayətə iş təklif etdim. O da razılaşdı. İş başlayan zaman mənə əxlaqsız həyat tərzindən əl çəkəcəyinə söz verdi. Bundan sonra biz onunla qeyri-rəsmi şəkildə birgə yaşamağa başladıq. Bundan sonra o, iki azyaşlı övladı ilə birlikdə mənimlə eyni evdə yaşadı. Gülayətin birinci evliliyindən Fərid və Zaur adlı iki övladı vardı. Fəridin əqli cəhətdən problemləri olub. Belə ki, uşaq qaldığımız evdə tez-tez dəcəllik edirdi və pəncərələrin şüşələrini sındırırdı. Kirayə yaşadığımızdan evin sahibi şikayətlənirdi. Mən də Fəridi tez-tez danlayaraq sonuncunu tənbeh edirdim”.

Təqsirləndirilən şəxs hadisə günündən danışıb. O bildirib ki, avqustun 13-ü axşam saatlarında Gülayətlə yaşadıqları evə gəliblər:

“Evə çatan kimi ev yiyəsi mənə şikayətləndi. Bildirdi ki, Fərid yenə dəcəllik edərək evin pəncərələrini sındırıb. Əsəbiləşərək iki dəfə Fəridin sifətinə sillə vurdum. Məndən sonra anası da onu vurdu. Uşağı evə saldım. Gülayətin yanında oğlunun sinəsinə ayağım ilə iki təpik vurub yerə yıxdım.  Hər iki zərbədən sonra Fərid ayağa qalxdı. Bundan əsəbiləşib yumruqla, sillə ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim, sonra isə gedib bayırdan çubuq gətirib döydüm. Uşaq ağlamağa başladı. Həmin zaman Gülayət evin içində, ev yiyəsi isə qapının çölündə bizi görürdülər. Mən bundan sonra evdən çölə çıxdım. Gülayət isə uşaqları götürərək hamama apardı. Ertəsi gün Fəridin bədənində, qollarında və sifətində qançırlar əmələ gəlmişdi”.

Anar Məmmədov qeyd edib ki, hadisədən iki gün sonra Gülayət ona zəng edib Fəridin öldüyünü bildirib:

“Mən dərhal evə gəldim. Ev yiyəsinə də Fəridin ölməsini bildirdim. Mən və Gülayət uşağın meyitini xalçaya bükdük. Gülayətlə söhbət etdim. Bildirdim ki, bu məsələni bağlamaq lazımdır. O da mənimlə razılaşdı. Saat 22 radələrində taksi kimi fəaliyyət göstərən Ərəstunu çağırdım. Fəridin meyitini qucağına alıb Gülayət ilə birlikdə avtomobilə mindirib Goran qəsəbəsində alçipan zavodunun yanına gəldik. Orada Ərəstuna 5 manat pul verdim və sonuncu çıxıb getdi. Mən isə Gülayət ilə birlikdə Fəridin meyitini aparıb qamışlıq sahəyə atdıq, sonra oradan evə qayıtdıq. 19 avqust Gülayət Goranboy rayon polis şöbəsinə gedib oğlunun itkin düşməsi barədə məlumat verdi. 22 avqust tarixdə Goranboy rayon polis şöbəsində olarkən Gülayət Fəridin ölməsi və uşağın mən döyüldükdən sonra ölməsi barədə məlumat verdi. Bundan sonra polis əməkdaşları məni saxladı. Fəridi döyən zaman öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam, xahiş edirəm yüngül cəza verin”.

Məhkəmədə uşağın anası zərərçəkənin hüquqi varisi qismində tanınmayıb. O şahid kimi, istintaqa verdiyi ifadəni təsdiqləyib. Qeyd edib ki, Fərid Anar tərəfindən döyülərək öldürülüb. Anardan qorxduğu üçün onunla razılaşaraq uşağın bataqlığa apararaq atıb. Daha sonra polisə hər şeyi etiraf edib.

Ölən Fərid Təhməzovun hüquqi varisi qismində onun dayısının arvadı tanınıb. O da məhkəmə çıxış edərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.29472088813782