Səksən min adama bazarda YER TAPILMIR: “Hamının ixtisaslı olmasına gərək yoxdur”

 28-11-2022

“Hər il ölkənin əmək bazarına 100-120 min gənc daxil olur”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

M.Abbasbəylinin sözlərinə görə, onların təxminən 30%-i ixtisası olmayan şəxslərdir:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanın ali təhsil potensialı 40-50 min, peşə təhsili potensialı isə təxminən 30 mindir. Yəni hər il 80 min insan əmək bazarına peşə kvalifikasiyası ilə daxil olur. Qalan 40-50 min insanın isə peşə kvalifikasiyası yoxdur. Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri bu çatışmazlığı aradan qaldırmaqdır. Düzgün kadrlar yetişdirilməli və seçilməlidir”.

Bəs görəsən, bu hansı şəkildə tənzimlənməlidir? İşsizlik problemini necə aradan qaldırmaq olar?

Mövzu ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, əmək bazarında ixtisaslı fəhlə peşələri çatışmır:

“Əmək bazarı ixtisaslı fəhlə axtarışındadır. Bəzilərinin ixtisası var, lakin yaşadığı yerdə ona ehtiyac yoxdur. Əmək bazarına ixtisaslı işçilər daxil olmalıdırlar. Düzdür, hamının ixtisaslı olmasına gərək yoxdur. Bu məsələlərdə bir qədər təhlilə ehtiyac var”.

S.Məmmədov qeyd edib ki, Azərbaycana ixtisaslı işçilər xaricdən gətirilirlər:

“Əmək bazarının həcmi o qədər böyükdür ki, ümumiləşmələr apara bilmirik. Ona görə də problem böyükdür. Peşə təhsilinin səviyyəsi qaldırılmalıdır. Buna görə də əmək bazarında işsizlik əmələ gəlir. İş yerləri var, lakin ixtisaslı işçi tapılmır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, ciddi işsizlik problemi yaranıb:

“Bu məsələyə bir çox faktorlar təsir göstərir. Hesab edirəm ki, burada bir neçə vacib məsələ var. Peşə təhsilinə maraq artrılmalıdır. Hər kəsin ali təhsil alması vacib deyil. Ali təhsillə peşə təhsili arasında balans pozulub. Bütün peşə sahələrində işçilərə ehtiyac var. Peşə sahibləri ali təhsillilərdən az pul almırlar. O baxımdan da geniş təbliğat önəmlidir”.

C.Məmmədov əlavə edib ki, bölgələrdə yeni iş yerləri yaradılmalıdır:

“Xüsusən də bölgələrdə yeni iş yerləri yaradılmalıdır ki, Bakıya axının qarşısını alaq. Hamı bu gün Bakıda cəmləşib. Ona görə də bölgələrdə insanların işə ehtiyacını təmin etməliyik.

Kənd təsərrüfatı sahəsinə maraq artırılmalıdır. İxtisaslara baxılmalıdır. Tələbə uyğun olaraq ehtiyaclarımızı ödəməliyik. Güclü maarifləndirmə işləri həyata keçirməliyik. İndidən bu məsələlərin üzərinə düşməliyik ki, gələcəkdə ciddi problemlərlə qarşılaşmayaq”.

Nəzrin Vahid

Bənzər yazılar

0.20958709716797