Nazirlər dəyişir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düzəlmir: Sahil Babayevin məqsədi nədir?

 28-11-2022

Azərbaycana qarşı propaqanda aparan dini radikal qüvvələr, beşinci kalon, Qərbpərəstlər, Ruspərəstlər, İranpərəstlər və hansısa pərəstlər haqqında xeyli yazmışıq. Onu da bildirmişik ki, lazım gələndə həmin təxribatçı qrupaların cavabı artıqlaması ilə veriləcək. Necə ki, indi Prezident səviyyəsində belə həmin təxribatçı qüvvələrin cavabı verilir. Xaricdən maliyyələşən bu qüvvələrin, ölkəmizə böyük zərbə vurmağa çalışmasını hər kəs bilir. Nə qədər təxribat törətmək istəsələr də istər hökumət tərəfindən, istərsə də xalq tərəfindən həmin şəbəkələr zərərsizləşirilə bilir.

Lakin bu dəfəki yazımızda içimizdəki düşməndən, hökumətin daxilində xalqa müharibə açmış bir qurumdan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən danışacağıq. 

Necə oldu ki, bu qurum haqqında bu düşüncəyə gəldik? Gəlin əvvəlcə bu nazirliyin tarixinə nəzər salaq. 

Müşahidələrimiz onu deməyə əsas verir ki, hələ Füzuli Ələkbərovun nazir olduğu vaxt, nazirliyin pulu onun ətrafındakılar və qohum-əqrabaları tərəfindən dağıdılırdı. Hətta bu pullar az qala qardaşı uşaqları üçün faciəyə çevriləcəkdi. Füzuli Ələkbərov "istirahətə" göndərildikdən sonra xalq dərindən bir nəfəs aldı. 

Hamı düşündü ki, onun yerinə iş bilən, xalqı düşünən bir şəx təyin olunacaq. Həqiqətən də 10 ildən çox Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyən Səlim Müslümov 22 oktyabr 2013-cü ildə nazir təyin olunur. İşini bilən, amma xalqı zərrə qədər düşünməyən nazir üçün bu post ona çox da uğur gətirmir.

21 aprel 2018-ci ildə vəzifədən azad edilən nazir ardınca 2021-ci il fevral ayının 3-ündə həbs edilərək, barmaqlıqlar arxasına göndərildi.

Səbəb kimi isə dövlət ittihamında 27 milyon yeyinti göstərildi. Keçmiş nazir elə məhkəmədəcə öz səhlənkarlığını etiraf edir. 

Nəhayət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gənc, perspektivli hesab edilən Sahil Babayev təyin olunur.

27 milyon manat yeyintisi olan bir nazirdən sonra Sahil Babayevin təyinatı insanları sevindirsə də, bu sevinc uzun sürmədi. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kimin təyin olunmasından asılı olmayaraq, bu sahə düzəlmədi ki, düzəlmədi.

Füzuli Ələkbərovdan bu günə qədər nazirlikdə vəziyyət düzəlmədi, nə qədər islahat aparılsa da, ortaya çıxan nəticə biabırçılıqdan başqa heç nə olmadı. Gənc və perspektivli Sahil Babayev isə nazir postuna təyin edildikdən sonra nəinki etimadı doğrultmaq, əksinə xalq və hökuməti üz-üzə qoymaqla məşğuldur. 

Nazirlik qaziləri hökumətdən narazı salır

Müharibədən artıq iki ilə qədər vaxt keçir, bu zaman ərzində qazilərin əlillik dərəcəsi təyin edilmir. Üstəlik bu dövr ərzində 37-38 qazi intihar edir. Haqlarını tələb etmək üçün nazirliyə toplaşan qazilərlə nazirin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı elə tonda danışır ki, sanki müharibə iştirakçısı və qazi olan odur, qazilər isə yoldankeçəndir.

Saymazlıq nazirliyin qapısının qırılması və qazilərin nazirliyin binasına daxil olması ilə nəticələnir, amma yenə də nazir qaziləri qəbul etmir. Nəinki qəbul etmir, səhəri nazirliyə yaxınlığı ilə seçilən qazilər nazirliyə dəvət edilir, onlara qayğı göstərilir şəklində video və şəkillər sosial şəbəkələrdə nümayiş etdirilir.

Bununla nazirlik digər qazilərə "yandıq-qındıq" verirmiş kimi görsənir. Əlilliyi olan 10 minə qədər qazinin əlilliyinin kəsilməsi isə ölkədə hökumət və vətəndaş qarşıdurması yaratmaq məqsədi güdür. Görünən budur ki, qazilərə bu cür münasibət bəsləməkdən, xidmət gostərməkdən Sahil Babayev və ətrafı zövq alır. Allah qazilərimizə kömək olsun və səbr versin.

Elektron sistem nə üçün tətbiq edilmir?

Sahil Babayev nazir olduğu vaxtdan bu günə qədər ƏƏSMN vətəndaş vəziyyəti ilə bağlı heç bir elektron sistem qura bilməyib. Dünyanın əksər ölkələrində əgər sən işsizsənsə, dövlət səni işlə təmin edir. Çünki işsiz olduğun üçün dövlət sənə kompensasiya ödəyir. Bu ödənişi ödəməsin deyə dövlət bütün güc resurslarını isə salır. Azərbaycanda isə bunun əksidir. Nazirlik ölkədə hələ də işsizlərin qeydiyyatını aparıb, prosesi yekunlaşdıra bilməyib. 

Sual olunur, niyə? Çünki bu zaman sistem elektron şəkildə olacaq və digər maxinasiyaları etmək mümkün olmayacaq. Bundan əlavə, universitetlər güzəştli tələbə kateqoriyalarını açıqlandıqda öyrəndik ki, bu kateqoriyaya aid olan tələbə tələb olunan sənədləri əldə etmək üçün ən azından 100 manata yaxın pul xərcləməli olacaq.

Üstəlik həmin güzəştin ona şamil olub-olmayacağını bilməyə-bilməyə. Halbuki ƏSSMN bu işləri zamanında elektronlaşdırsaydı, indi minlərlə tələbənin valideynləri qapılardan sənəd toplamayacaqdı. ƏƏSMN-in günahı bununla bitmir. 

 

DOST xidməti, yoxsa DÜŞMƏN? 

İşsizliklə bağlı ölkədə yaranan problemin həlli məsələsi barədə irəli heç bir addım atılmır. Əgər sən hər hansı bir işdə işləyib ordan ayrılmısansa, hər 15 gündən bir DOST xidmətinə gedib, işlə bağlı hansısa lazımsız qurumlara müraciət etməlisən. Əgər bu müddət ərzində hər hansısa bir xəstəliyə yoluxmusansa, deməli evin yıxıldı. Artıq sənə işsizliklə bağlı heç bir kompensasiya ödənməyəcək. 

Bu DOST xidməti necə xidmətdirsə, xalqa dost kimi yox, düşmən kimi yanaşır. Məsələn: evdə üç övladı olan və həyat yoldaşı işləməyən birinə 300 manatlıq işi dost yox, onun DÜŞMƏNİ təklif edə bilər. Ortada da yalnız bəhanələr var. Bizə 300 manatlıq işlər təklif olunub! 

Onda sual verirəm. Bəs necə olur ki, ölkədə orta aylıq əməkhaqqı min manat civarında olur. Ali təhsilli şəxsə 600-700 manatlıq iş tapılmır? Yoxsa o cür işlər Sizin yaxınlarınıza və ətrafınızdakılara həvalə edilir? Nazirlikdə Əmək və Əhalinin Məşğulluğu Mərkəzi ola-ola, heç bir yenilik edilməyəcəkdisə, DOST xidmətinə nə ehtiyac var idi? Yoxsa qara kostyumlu, ağ köynəkli, əəlləri ağappaq olan "papanın gül balaları"nın işsiz qalmaması üçün açıldı ki, tapşırıqla isə götürülsünlər və Sahil Babayev də rahat işlərini görsün?

Yeni, təmiz, səliqəli binalarda xidmət göstərmək görüntüsü yaratmaq xalqa lazım deyil. Xalqa əsl xidmət lazımdır. DOST xidmətinin və nazirliyin digər qurumlarının ən böyük xidməti onun tenderlərində ortaya çıxır. Bu barədə hətta mətbuatda "Qara Kəmər" əməliyyatı başlığı ilə məqalələr də yayımlanıb. Həmin məqalələrdə tender əməliyyatları zamanı nazirliyə yaxın şirkətlərdən biri olan "Kəmər-Qaya" şirkəti ilə şişirdilmiş məbləğdəki müqavilələrdən bəhs olunur.

Özünü məşğulluq proqramı, yoxsa qısır və xəstə inəklərin satışı? 

Nazirliyin ən böyük "uğur"larından biri də özünüməşğulluq "əməliyyatı"dır (//pravda.az/news/39903). Bu sayədə nazirlikdəki vəzifəlilərin cibləri dolur, üzləri gülür. Xaricdən ucuz qiymətə aldıqları xəstə və qısır inəkləri özünü məşğulluq çərçivəsində vətəndaşa sırımaqla həm büdcədən yüksək məbləğdə pullar silinir. Həm də yenə vətəndaş dövlətdən narazı salınır. 

Bunlardan biri də Qarabağ müharibəsinin iştirakçısı olmuş Məmmədli Etibar Ədalət oğlu olub (//fb.watch/h1344nTFXR/). O, döyüşlərdə xəsarət alsa da, hərbi hospital müalicə etməyib. İki dəfə belindən əməliyyat olunan qaziyə dövlətdən dəstək verilməyib.

Daha sonra Dövlət Sosial Müdafiə Fonduna müraciət edib, sosial yardım istəyib, bu istəyi də ürəyində qalıb. Ancaq qazi Məşğulluq Mərkəzinə yönləndirilib. Burada ona 3 inək verilib. İnəklərin 3-ü də xəstə. Maraqlı məqam isə ondan ibarətdir ki, Nazirlik vətəndaşa verdiyi malları geri götürmür. Niyə? Çünki orda kresloda oturanlar həmin malların xəstə olduqlarını çox gözəl bilirlər.

Beləcə xeyli müddət ərzində nazirlik bu şəkildə pul silməklə vətəndaşı dövlətdən narazı salmaqla məşğul oldu. İndi isə keçək başqa bir mövzuya...

Nazir Heydər Əliyev Fondundan gələn məktublara niyə biganə yanaşır?

ƏƏSMN haqqında daha bir faktı yazmaq istəyirəm. Nazir Sahil Babayev ölkədə vəziyyəti o həddə gətirib ki, əlacsız qalan vətəndaş əlacı ölkə Prezidentinə, Vitse-prezidentə, Heydər Əliyev Fonduna müraciətdə görur.

Adları çəkilənlər isə hər zaman ölkə vətəndaşının ümid yeridir. Amma son zamanlar nazir Sahil Babayev artıq o qədər özündən razı olub ki, Heydər Əliyev Fondundan onun nazirliyinə göndərilən məktubu belə nəzərə almır. Elə öz başıma gələni yazım. İşlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya yazdığım məktuba cavabda bildirildi ki, məktubunuz ƏƏSMN-ə yönləndirilib və tezliklə nazirlik bu məsələni həll etsin.

Görünən budur ki, nazir Heydər Əliyev Fondundan gələn məktubları heç oxumur. Oxusaydı, bir jurnalist, ictimai şəxs olduğumu öyrənər, ən azından nazirliyin ictimai-sosial, vətəndaş xidməti sahələrindən birinə işə götürərdi ki, bu yolla biz də Vətənə öz xidmətimizi göstərərdik. Amma görünən odur ki, nazir və ətrafındakı adamlar Vətənə yox, pula və ölkəni qarışdırmağa xidmət göstərirlər...

Çünki ölkədə əhalinin ən çox narazı qaldığı nazirlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Elmar Hüseynov

Bənzər yazılar

0.20636010169983