Ötən il ondan şikayətçi olduğu üçün arvadını azyaşlı oğlunun gözləri önündə 17 bıçaq zərbəsi vuraraq öldürən şəxsə hökm oxunub.
MillətinSəsi.info Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə 2021-ci ilin yayında, Binəqədi rayonu ərazisində baş verib. Belə ki, 42 yaşlı Elçin Ələkbərov qeyri-rəsmi nikahda olduğu arvadı, 47 yaşlı Nailə Əliyevaya küçədə 17 bıçaq zərbəsi endirərək öldürüb.
Məhkəmədə ifadə verən Elçin Ələkbərov bildirib ki, Nailə onun doğma xalası qızı olub. Dəfələrlə ondan polisə şikayət etdiyi üçün arvadına nifrət edib:
“Biz 2003-cü ildən birlikdə yaşamışıq. Amma rəsmi nikah olmayıb. Bu evlilikdən 4 uşağımız var. O, Özbəkistan vətəndaşı idi. Biz bir müddət orada yaşamışıq. Aramızda tez-tez mübahisələr olurdu və o, atasının evinə, Bakıya gedirdi. Daha sonra biz Azərbaycana qayıtdıq və Gəncədə yaşamağa başladıq. Bu müddət ərzində də o, evdə söz-söhbət olan kimi atasının evinə gedirdi. Bundan başqa, Nailə dəfələrlə məndən polisə şikayət edib, hətta bir dəfə 6 ay müddətinə azadlıqdan məhrum da edilmişəm. Amma sonra barışıb yenidən birlikdə yaşamışıq. Hadisə baş verməzdən bir müddət əvvəl o, heç bir səbəb olmadan yenə Bakıya getdi.
Dəfələrlə zəng etsəm, mesaj yazsam da cavab vermədi. Onun başqası ilə münasibəti olduğundan da şübhələnmişdim. Dəfələrlə Bakıya gəlib onunla görüşüb danışmaq istəsəm də, alınmadı. Sonda mənim səbrim daşdı. İyul ayının 30-u idi. Bakıya gəldim. Marketdən iki bıçaq alıb onu izləməyə başladım. Axşamtərəfi, saat təxminən 19 radələrində kiçik oğlumuzla birlikdə evə gedirdilər. Arxalarınca düşüb onlara yaxınlaşdım. Oğlum qışqırıb evə tərəf qaçdı, əlimdəki bıçaqlar yerə düşdü. Nailə elə bildi ki, onu vuracam. Buna görə əyilib yerdən bıçaqları götürmək istəyəndə aramızda dalaşma oldu. Sonra mən yıxılmışam. Onun sinəsinə bıçağın necə dəydiyini bilmirəm. Mən onu öldürməklə təhdid də etməmişəm”.
Elçin Ələkbərovun məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə onun ibtidai istintaqdakı ifadələri arasında ziddiyyətlər olub. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadə əsas götürülüb. Belə ki, o ifadəsində həyat yoldaşını öldürdüyünü etiraf edib. Həmçinin əlavə olaraq bildirib ki, arvadının sinə hissəsindən bıçaqla zərbələr endirdikdən sonra hadisə yerindən qaçıb.
Mərhumun 10 yaşlı oğlu məhkəmədə verdiyi ifadədə bildirib ki, atası anasını və onları mütəmadi olaraq döyüb:
“Dəfələrlə anamı təhdid etdiyi üçün o, məcbur olub Gəncəyə qayıdırdı. Amma atamın bizə qarşı olan şiddəti heç vaxt bitmirdi. Hadisə baş verən gün də o, anama şiddət göstərdi. Mən ona mane olmaq üçün sağ əlindən tutanda məni itələdi. Yerə yıxıldım və bel nahiyyəmdən xəsarət aldım. Anam ona heç bir müqavimət göstərə bilmədi. Çünki atam əvvəlcə anamın saçından tutub başını daşa vurdu. Daha sonra gözlərimin önündə bədəninin müxtəlif hissələrinə bıçaqla zərbələr endirib qaçdı. Mən donub qalmışdım. Anamın heç kimlə münasibəti olmayıb. Bütün bunları atam özündən uydurur”.
Bakı Ağır Cinayətlər Məhkəməsi bir neçə gün əvvəl Elçin Ələkbərova hökm oxuyub. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.