“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova məxsus olduğu iddia edilən səs yazıları yayılıb.
Yeniavaz.com xəbər verir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sabiq rəhbəri İlqar Hacıyevlə olduğu iddia edilən dialoqun audio versiyasını “Azad söz” kanalı iki hissədə yayıb.
İddiaya görə söhbət, Azərbaycan hüdudlarından kənarda – Avropada baş verib.
Səs yazısının birinci hissəsində C. Qurbanov və İ. Hacıyev “işləməyin kefinin qaçdığından”, həmçinin “Böyük” deyə birindən danışırlar. Səs yazısında C. Qurbanov “Böyük”ün ətrafındakılar tərəfindən aldadıldığını deyir.
Avtomobildə gedərkən yazıldığı iddia edilən səs yazısının ikinci hissəsində isə, İ. Hacıyev və C. Qurbanov birincinin “Akkord”dakı səhmlərinin 50 faizdən 24,5 faizə düşməsini müzakirə edirlər.
Burada İ. Hacıyev bildirir ki, ondan “Böyük”ün adından səhmlərinin yarısını verməsi istənilib.
“Dedim, baş üstə. “Böyük”ə hər şeyimiz qurbandır”.
Daha sonra isə tərəflər “Akkord”a görülməsi üçün işlərin verilməməsindən danışırlar.
Həmçinin C. Qurbanovun sözlərinə görə hazırkı maliyyə naziri S. Şərifova “Böyük” tərəfindən “Akkord”a pul verilməməsi tapşırılıb.
Söhbətdə “Akkord”un inşa etdiyi və 512 milyon dollara başa gələn, xərclənən pullara görə mətbuatda müzakirələrə də səbəb olan “Gənclik” metrosunun yaxınlığındakı, "Qələbə meydanı"ndakı tuneldən də bəhs olunur.
C. Qurbanov bildirir ki, o, Samir Şərifovla birlikdə İlqar Hacıyevin "çıxmaması" üçün “dirəniblər”.
Söhbət avtomobilin dayanması, tərəflərin qəhvə içmək üçün avtomobili tərk etməsi ilə yekunlaşır.
Söhbətin qəhvə içilərkən lentə alınmış davamının olduğu və yayımlanacağı bildirilib.
Qeyd edək ki, İ. Hacıyev 2014-cü ildə səhmlərini sataraq “Akkord”dan getdiyini açıqlayıb.
Cavid Qurbanov isə bu ilin may ayında prezidentin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.