​​​​​​​“Lənkəranski”yə görə “Lotu Quli”nin yaxını necə öldürüldü?

 13-04-2022

Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib

İttiham aktına əsasən, “Yeraz Camal” öyrənir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Həsənov Cabir Heyqubad oğlu bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyə Respublikası ərazisində o qətlə yetirib.

Qətlin izi ilə...

“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburq şəhərinə gedib.

Camal Həsənov səfər öncəsi maliyyə dəstəyi əldə edərək hədəfini öldürmək üçün odlu silah və sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobil almağı planlaşdırır.

O, Bakıdan Sankt-Peterburqun “Pulkovo” hava limanına uçan zaman hazırda istintaqa adı məlum olmayan sifarişçinin (sifarişçilərin) tapşırığı və təlimatları əsasında həmin şəhərdə yaşayan əslən Masallı rayonundan olan Rusiya vətəndaşı Nüsrətov Nazim Davud oğlu ilə əlaqə saxlayıb görüşür.

Məlumat üçün bildirək ki, Camal əvvəlcə qətldə ona kömək edəcək Nazim Rüstəmova tanışları vasitəsilə ümumilikdə 339.500 rubl (10.151,05 manat) məbləğində pul göndərib. Nazim Rüstəmov da öz növbəsində göndərilən pullarla Camal Həsənova başqa-başqa adamların adına olan mobil nömrələr, avtomobil və odlu silah təşkil edir.

Camal Həsənov Nazim Rüstəmovla birlikdə onun avtomobilində Cabir Həsənovun yaşadığı (Sankt-Peterburq şəhəri, Lenin prospekti, 2 №-li korpus, 148 №-li ev) əraziyə gedib qətlin törədilməsi üçün kəşfiyyat xarakterli müşahidələr aparır. Daha sonra o, Cabir Həsənovun öldürülməsi üçün əlverişli yeri müəyyən edir - yaşadığı binanın qarşısı. Camal “şikarını” izləmək üçün Nazim Nüsrətovun köməkliyi ilə 95.000 rubl (2.840,50 manat) ödəyərək  Quskova Nina Borisovnanın mülkiyyətində olan “VAZ 21103” markalı tünd-bənövşəyi rəngli avtomobili alır. Maşının içərisinin görünməməsi üçün şüşələr xüsusilə örtüklə tündləşdirilir. Avtomobilin alqı-satqısı belə rəsmiləşdirilmir.

İzləri necə itirməli, planlamalar...

Təqsirləndirilən şəxs sözügedən ərazidə kəşfiyyatını apardıqdan sonra Bakıya qayıdır. O burada yer və zaman barədə sifarişçi (sifarişçilər) ilə müzakirələr aparıb aldığı təlimatlardan sonra plana uyğun hərəkətə keçir. O, 25.04.2017-ci il tarixdə saat 05:55-də Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, oradan isə həmin gün saat 14:15-də «401-TK» aviareysi ilə Sankt-Peterburq şəhərinə gəlir. “Pulkovo” hava limanında onu Nazim Nüsrətov qarşılayır. Camal cinayətin digər iştirakçıları ilə danışıqlar aparmaq məqsədilə cinayətlə heç bir əlaqələri olmayan özbək əsilli Furkatov Novruz Xolikoviçin və Şəripov Suxrob Davronoviçin adına özünə və Nazim Nüsrətova mobil nömrə alır.

Bundan sonra istintaqa məlum olmayan şəraitdə bir nəfər şəxsdən “Makarov”, “İJ-70” və “Steçkin” tipli avtomatik tapançalar, “PP-90” tipli tapança-pulemyot, “MA-PP-91” ov karabini alır. Sursat kimi kustar üsulla dəyişiklik edilmiş patronlar seçilir.

Qətl günü...

Camal Aprelin 28-də Cabir Həsənovun yaşadığı evin yaxınlığına gələrək avtomobildə onun gəlməsini gözləyib. O, cinayəti törətdikdən sonra necə hərəkət edəcəyini də düşünür - Nazim Nüsrətovun uzaq qohumu Ramin Səfərova zəng edərək onu 15 min rubl pul müqabilində Belarusa aparmasını planlayır.

Camal Cabiri 14 dəqiqə maşında gözləyir...

Axşam saat 22:21. Camal binanın girişinə yaxınlaşır. Cabir Həsənov onun tək olduğundan arxayınlaşandan sonra avtomobildən enir. 6 dəfə atəş açılır və Cabir Həsənov qətlə yetirir. Daha sonra Camal idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşır. Sonra o, plan üzrə hərəkət edir - Ramin Səfərovun avtomobili ilə Belarus ərazisinə keçir. Elə həmin gün Minsk-Bakı aviareysi ilə Bakıya qayıdır.

Camalın adı qətldə necə hallandı...

Hadisədən bir müddət sonra Nazim Nüsrətov tutulur. O, ifadəsində qətli Camal Həsənovun törətdiyini etiraf edib.

2017-ci ilin noyabrında Camal Həsənov barəsində cinayət işi başlanıb və axtarışa verilib.

Rusiya tərəfi 2021-ci ildə cinayət işi təqibinin davam etdirilməsi ilə üçün materiallar Azərbaycana göndərilib. Bundan sonra Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham olunub.  

Lakin “Yeraz Camal” ona qarşı irəli sürülən ittihamları rədd edərək, özünü təqsirli bilmir.

“Cabir Həsənov “Lotu Quli”nin yaxın adamı idi...”

Camal Həsənov istintaqda deyib ki, 2004-cü ildən 2011-ci ilədək yunan-roma güləşi ilə məşğul olub, 2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedərək, 2014-cü ilin aprel ayında hərbi xidmətdən təxris olunub:

“Bundan sonra Bakıda müxtəlif yerlərdə mühafizəçi işləmişəm. 2015-ci ildə ilk dəfə Rusiyanın Dərbənd şəhərində, daha sonra 2016-cı ildən başlayaraq Sankt-Peterburqda yerləşən “Apraksin dvor” adlanan bazarda mühafizəçi işləmişəm. 2017-ci ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar dəstənin üzvü şübhəsi ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Həbsdən çıxdıqdan sonra İstanbulda qanunsuz silah gəzdirdiyim üçün tutuldum və bir neçə ay həbsdə qaldıqdan sonra məhkəmənin qərarı ilə azadlığa buraxılaraq Azərbaycana deportasiya olundum. 2021-ci ilin fevral ayında  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutuldum, Nərimanov rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildim”.

Camal Həsənov ifadəsində Cabir Həsənovu 2016-cı ildə “Apraksin dvor” bazarında işlədiyi vaxtdan tanıdığını deyib. O bildirib ki, Cabir Həsənov kriminal aləmdə “Lotu Quli” kimi tanınan mərhum Nadir Səlifovun yaxın adamı olub, “Apraksin dvor” adlanan bazarda alverçilərdən haqq yığıb və dolayı yollarla bazara nəzarət edib.

“Tutulacağımdan qorxduğum üçün şəhəri tərk etdim...”

Camal Həsənov hadisədən əvvəl Cabir Həsənovla aralarında heç bir narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmadığını deyib:

“Cabir Həsənovun Rusiyada adam oğurluğu cinayəti törətdiyinə görə axtarışda olduğunu, kriminal aləmlə bağlılığını bilirdim. Nazim Nüsrətovu 2017-ci ildə Sankt-Peterbuq şəhərində işlədiyim zaman tanımışam. Lakin Nazimi tanısam da, onunla elə də yaxın dostluq münasibətlərim olmayıb. 2017-ci ilin aprel ayının 7-də işləmək üçün Rusiyaya getdim. Sankt-Peterbuq şəhəri, Lenin prospektində kirayə mənzildə yaşamağa başladım. Aprelin 28-də həmin ünvanda Cabir Həsənov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Həmin hadisənin təfərrüatlarını bilmirəm. Bildiyim qədəri, həmin gün Cabir Həsənovun yaşadığı binanın qarşısında atışma baş verib, atışma zamanı Cabir Həsənov aldığı güllə yaralarından hadisə yerində ölüb. Həmin vaxt polis əməkdaşları cinayəti törətmiş şəxsi yaxalamaq üçün “Apraksin dvor” bazarında axtarış aparıb. Samir, Tərlan və adını bilmədiyi digər şəxsləri saxlanılıblar. Polis əməkdaşları Azərbaycan millətindən olan şəxsləri əsaslı-əsassız polis bölməsinə aparıb müxtəlif məbləğdə pullarını alıblar. Törətmədiyim cinayətə görə tutulacağımdan qorxduğum üçün Sankt-Peterburq şəhərini tərk etmək qərarına gəldim. Bu məqsədlə Nazim Nüsrətova müraciət edərək xahiş etdim ki, Belarusa getmək üçün yaxşı tanıdığı və inandığı sürücü tapsın. Nazim xahişimə əsasən qohumu Ramin Səfərovu tapdı. Ramin Səfərov məni Minsk şəhərinə apardı. Bunun qarşılığında Ramin Səfərova 200 ABŞ dolları pul verdim. Həmin günü Bakıya qayıtdım”.

“Nazimin dedikləri yalandır, izi itirmək istəyir...”

“Yeraz Camal” qeyd edib ki, Bakıda özünə sürücülük vəsiqəsi alarkən Rusiyada axtarışda olduğunu bilib və bu səbəbdən sürücülük vəsiqəsini ala bilməyib:

“Daxili İşlər Nazirliyinə müraciət edərək köməklik göstərmələrini xahiş etdim. Bununla bağlı toplanmış sənədlər Bakı şəhəri, Səbail Rayon Prokurorluğuna göndərilib. Prokurorluqda aparılmış araşdırmanın nəticəsinə dair qərarın surəti mənə təqdim olunub. Azərbaycanda olduğu zaman sosial şəbəkələrdən bildim ki, Cabir Həsənovun qətlə yetirilməsi faktına görə istintaqı aparılan cinayət işi üzrə Nazim Nüsrətov Sankt-Peterbuq şəhərində şübhəli şəxs qismində tutulub. Nazim Rusiyada verdiyi ifadəsində bildirib ki, guya Cabir Həsənov adlı şəxsi mən güllələyərək öldürmüşəm. Nazim Nüsrətov ifadəsində deyib ki, guya mən onunla kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevin sürücüsü Əfqan Quliyev vasitəsilə tanış olmuşam. Nazimin dedikləri yalan və uydurmadır. Onun sözləri cinayəti törətmiş kriminal qrupların üzvlərinin cinayət məsuliyyətindən kənarda qalmasına yönəlib”.

“Valideynlərimə zərər vuracağı ilə hədə-qorxu gəldi...”

İş üzrə şahid kimi tanınan Nazim Nüsrətov Rusiya İstintaq Komitəsində təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərib ki, Əfqan Quliyevlə (Namiq Canıyevin sürücüsü – S.E.) tanışlıqdan sonra onun kriminal aləmlə əlaqələrinin olduğunu öyrənib:

“Əfqan məni Sankt-Peterburqda yaşayan və kriminal aləmlə əlaqəsi olan həmyerlilərimizlə tanış etmək istədi. Qorxduğum üçün tanışlıqdan imtina etdim, çünki belə insanlarla heç vaxt əlaqəm olmayıb, ailə üzvlərimə görə narahat idim. 2017-ci ilin aprel ayının ilk günlərində Əfqan mənə zəng vuraraq Sankt-Peterburq şəhərinin hava limanında bir nəfər şəxsi qarşılamağımı, onu mənzil, mobil telefon, avtomobil və digər vasitələrlə təmin etməyimi xahiş etdi. Mən Əfqandan həmin şəxsin kim olduğunu və nə üçün Sankt-Peterbuq şəhərinə gəldiyini soruşdum. Əfqan mənə həmin şəxsin oraya bir nəfəri “cəzalandırmaq” üçün gəldiyini dedi. O mənə digər məsələlər barədə həmin şəxsin danışacağını bildirdi. Əfqana kömək etməyəcəyimi dedikdə, o səsinin tonunu dəyişdi və məndən tələb etməyə başladı ki, göstərişlərini icra edim. Əfqanla mübahisə etməyə başladıqda valideynlərimə zərər vuracağı ilə hədə-qorxu gəldi. Yaşlı valideynlərimə görə çox qorxdum və təklifə razılıq verdim. Əfqan dedi ki, həmin işləri həyata keçirmək üçün mənə 340 min rubl pul verəcək”.

“Əfqan Camalı “alət”lə təmin etməsini tapşırdı...”

Şahid qeyd edib ki, Camal Həsənov 2017-ci il aprelin 8-də onun telefonuna zəng vuraraq, təxminən 1 saata, saat yarıma aeroporta gələcəyini bildirib:

“Hava limanına gedərək Camalı qarşıladım. O, maşını Lenin prospekti, 148 nömrəli evin yanına sürməyimi istədi. Camal tanışı ilə 3 ay həmin evdə qaldığını dedi. Əlavə etdi ki, ola bilsin ki, tanışı ilə birlikdə həmin ünvanda qalacaq. Biz ünvana gəldikdən sonra Camal avtomobilin içərisindən həmin mənzildə işığın yanıb-yanmadığına baxdı, işıqlar yanmadığı üçün oradan qayıtdıq. Camalla Sankt-Peterburqda yerləşən “Tokio Siti” kafesində suşi-bara getdik, orada yemək yeyib söhbət etdik. Səhəri gün Camala avtomobil və mobil telefonlar aldıq. Əfqan isə mənə mütəmadi olaraq zəng vurub işin gedişatı ilə maraqlanırdı. Əfqan Camalı “alət”lə təmin etməsini tapşırdı. Mən isə tapança haqqında razılaşmanın olmadığını və bu xahişi yerinə yetirə bilməyəcəyimi dedim. Camal özü silah işini həll elədi. Lakin səhəri gün Bakıya qayıtdı. Bir neçə gün sonra Əfqan yenidən mənə zəng edərək Camalı qarşılamağımı tapşırdı. Mən imtina etmək istədikdə o, yenidən mənə hədə-qorxu gəlməyə başladı. Hava Limanında Camalı qarşıladım və onun üçün aldığımız avtomobili təhvil verdim. Səhəri gün işlərimlə əlaqədar Moskvaya getdim. Camal axşam üstü mənə zəng edərək Belarusa getmək üçün etibarlı adam tapmağımı tapşırdı. Mən də yaxın qohumum Ramini məsləhət bildim. Camal Qeroyev prospekti ilə Lenin prospektinin kəsişməsində olduğunu dedi. Mən Raminə onun koordinatlarını verdim. Bir müddət sonra onların Belarusa keçdiklərini öyrəndim. Ondan sonra Camalı görməmişəm”.

Nazim Nüsrətov daha sonra bildirib ki, 2017-ci il aprelin 28-də Lenin prospektində baş vermiş qətl hadisəsi haqqında təsadüfən efirdə gedən xəbərlərdən öyrənib. Həmin vaxt hadisənin Camal tərəfindən törədildiyini fikirləşərək çox qorxub. O, anlayıb ki, Əfqanın tələblərindən imtina edə bilərdi, lakin bunu bacarmayıb.

Üzə çıxan iki sifarişçi ismi - Əməliyyat məlumatları...  

İş üzrə sənədlərdəki əməliyyat tapşırığında qeyd olunur ki, Camal Həsənov Cabir Həsənovla əvvəldən tanış olub.

Belə ki, Camal Həsənov 2016-cı ilin oktyabrından noyabrınadək  Cabir Həsənovla eyni evdə yaşayıb.

Sənədlərdə qeyd olunur ki, mərhum Cabir Həsənov kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovun tərəfdarı və sonuncunun rəhbərlik etdiyi kriminal qruplaşmanın üzvü olub. Camal Həsənov isə qətlə yetirilib, kriminal mühitdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdaşı kimi tanınıb. Lakin bunu gizlətməklə Cabir Həsənovun etimadını qazana bilib.

Camal Həsənova cinayətin törədilməsində Nazim Nüsrətov köməklik edib. Camal qətli törətmək üçün növbəti dəfə Sankt-Peterburqa gələrkən “yaxın münasibətlərdə” olmasına baxmayaraq, Cabir Həsənovdan xəbərsiz gəlib, Nazim Nüsrətov ona yaşamaq üçün mənzil kirayələyib, yaşıl rəngli avtomobilin alınmasında, qətldə istifadə olunan silahın əldə edilməsində köməklik göstərib. Nazim Nüsrətov qeyd olunanları Quliyev Əfqan Daşdəmir oğlunun tapşırığına əsasən edib.

Əməliyyat məlumatlarına əsasən, Camal Həsənov Cabir Həsənovu Canıyev Namiq Rafiq oğlu və Əhmədov Zaur Əliağa oğlunun sifarişi və təhriki əsasında qətlə yetirib.

Həmin dövrdə Namiq Canıyevin sürücü işləyən Əfqan Quliyev isə qətlin törədilməsi üçün lazım olan silah və nəqliyyat vasitəsinin əldə edilməsində Camal Həsənova Nazim Nüsrətov vasitəsilə köməklik göstərib.

Camal Həsənova qətlin törədilməsi üçün külli miqdarda pul vəsaiti söz verilib, vəsaitin bir hissəsi ona ödənilsə də, qalan hissəsi ödənilməyib. 

Camal Həsənov 2017-ci il aprelin 7-də Moskvaya gələrək buradan Sankt-Peterburqa gedərkən Zaur Əhmədovla görüşüb və törədəcəyi qətl hadisəsinin detallarını onunla müzakirə edib.

Əməliyyat məlumatlarına əsasən, Camal Həsənov sonuncu dəfə 2017-ci il aprelin 25-də Bakıdan təyyarə ilə İstanbula, oradan isə həmin gün Sankt-Peterbuqa gedib. Qətl hadisəsini törədəcəyi barədə qəti qərar qəbul etdiyindən, Camal Həsənov şübhə doğurmamaq məqsədilə Sankt-Peterburq şəhərinə məhz qeyd edilən marşrutla gedib. 2017-ci il aprelin 28-də Camala Həsənov Cabir Həsənovu qətlə yetirdikdən dərhal sonra Nazim Nüsrətov vasitəsilə əldə etdiyi taksi ilə Minsk şəhərinə gəlib. Taksi sürücüsü Ramin adlı şəxs olub. Aprelin 30-da isə Camal Həsənov Minsk-Bakı aviareysi ilə Bakıya qayıdıb.

Cinayət işinə əlavə edilmiş tələbnamə və məhkəmə hökmlərindən görünür ki, Həsənov Camal Tofiq oğlu 2017-ci il noyabrın 16-da Türkiyənin Bakırköy 6-cı Sülh Cəza Hakimliyi tərəfindən mütəşəkkil cinayətkar dəstəyə üzv şübhəsi ilə həbs edilərək “Maltepe 3NL” tipli qapalı cəza qurumuna yerləşdirilib. O, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.11.2021-ci il tarixli qərarı ilə cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Camal Həsənovun üzərində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4 və 9.2.3-cü maddələrinə əsasən Həsənov Camal Tofiq oğluna təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılaraq, üzərində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bənzər yazılar

0.21812009811401