Prezident İlham Əliyev: “Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik”

 25-11-2022

“Biz istəyirik ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesləri paralel şəkildə getsin”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib: “Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik. Biz sərhədlərin delimitasiyasının onların təqdim etmək istədikləri kimi deyil, tarixi xəritələr əsasında həyata keçirilməsinə çalışırıq. Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik.

Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.

Dövlətimizin başçısı bildirib: “Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili, sadəcə, məişət səviyyəsində qalır.

Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik”.

Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.

“Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur”.

Dövlətimizin başçısı bildirib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.

“Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir”.

Dövlətimizin başçısı bildirib ki, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugünkü reallığın yaradılmasına kömək edib.

Bənzər yazılar

0.52249503135681