Noyabrın 15-dən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılıb.
Təbii ki, hər il olduğu kimi, bu il də istiliyin verilməsi ilə yanaşı, problemlər qeydə alınır.
Milletinsesi.info-ın redaksiyasına paytaxtın müxtəlif rayonlarında yaşayan sakinlər müraciət edərək istiliyin verilməməsindən şikayətləniblər.
Sabunçu rayonu Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov keçəsi, 4-5-ci bina, Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi 39 və Yasamal rayonu, Hüseyn Cavid prospekti 538-ci məhəllədə yaşayanlar bu problemlə üzləşirlər.
Sakinlər bildiriblər ki, “Azəristiliktəchizat” ASC tərəfindən noyabrın 15-dən istilik verilməsi ilə bağlı açıqlama verilsə də, hələ də mənzilləri qızdırılmır.
Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yaşayan sakinlər qeyd ediblər ki, binada yaşayanlar öz aralarında pul toplayıb və qazanxanada qırılan avadanlıqları bərpa ediblər, amma hələ istilik verilmir:
“Evdə uşaqlar var. Biz bilmirik ki, evi necə istiliklə təmin edək. İki ildir ki, bu problem var. Sahə rəisinə zəng edirik, telefonu açmır”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün başlanması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, əvvəlki illərlə müqayisədə “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti dövründə istilik mənbələri və istiliklə təmin olunan obyektlərin sayında kifayət qədər artım qeydə alınıb:
“Belə ki, ASC-yə məxsus qazanxanaların sayı 166-dan 564-ə çataraq 3,4 dəfə, yaşayış binalarının sayı 988-dən 3871-ə çataraq 3,9 dəfə, məktəblərin sayı 146-dan 287-yə çataraq iki dəfə, uşaq bağçalarının sayı 84-dən 162-yə çataraq 1,9 dəfə, səhiyyə obyektlərinin sayı 61-dən 152-yə çataraq 2,5 dəfə, digər sosial və təsərrüfat obyektlərinin sayı isə 91-dən 2224-ə çataraq 24,4 dəfə artım olub”.
Sakinlərin şikayətləri barədə “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, sözügedən ünvanlarda istilik tam bərpa olunub.
Qeyd edək ki, Nizami rayonu, Cəmşid Naxçıvanski 39 ünvanında yaşayan vətəndaşlar isə istiliyin verilməsinin hələ də bərpa olunmadığını vurğulayırlar.