Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci sahə deyilən hissəsində neçə ildir kanalizasiya sistemi quraşdırılmır. Həmçinin əraziyə zibil qutuları da yerləşdirilmir. Bu isə sakinlərin tullantıları ətraf ərazilərə atmasına, nəticədə xoşagəlməz mənzərənin və qoxunun yaranmasına səbəb olur.
Milletinsesi.info-a müraciət edən qəsəbə sakini Gülnaz Namazova bildirir ki, problemlə bağlı dəfələrlə icra və bələdiyyə nümayəndələrinə məlumat verilsə də, heç bir tədbir görülməyib:
“Sabunçu Rayon İcra Hakimiyyətinə keçən il dəfələrlə müraciət etdik. Əraziyə nümayəndə göndərdilər, hər dəfə iki-üç günə zibil qutularını yerləşdirəcəklərini dedilər. Amma heç bir tədbir görülmədi. Neçə minlərlə insanın yaşadığı ərazidə zibil qutuları və kanalizasiya sistemi yoxdur. Küçələrdən üfunət qoxusundan keçmək olmur. İnsanlar zibil atmaq üçün ya kilometrlərlə yol getməlidirlər, ya da hara gəldi atmalıdırlar. Əksəriyyət ikinci variant seçir, ona görə də hər tərəf zibil içindədir. Çürümüş zibil və quyulara axıdılan çirkab suların qoxusu ətrafı sarıb, bu isə uşaqların və böyüklərin müxtəlif xəstəliyə tutulmalarına səbəb olur. Şuşa şəhərciyi sakinləri olaraq əraziyə kanalizasiya xəttinin çəkilməsini və zibil qutularının yerləşdirilməsini xahiş edirik”.
Məsələ barədə Ramana bələdiyyəsindən saytımıza verilən açıqlamada kanalizasiya xəttinin çəkilməsində Sabunçu Sukanal İdarəsinin, zibil qutularının yerləşdirilməsində isə Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Sabunçu Mənzil-Kommunal Təsərrüfat Birliyindən Milletinsesi.info-a verilən məlumatda isə qeyd edilir ki, zibil qutuları yerləşdirilməyən yerləri bələdiyyə təyin etməlidir:
“Bələdiyyə bizə ərazi barədə məlumat verməli, ondan sonra biz gedib zibil qutusu yerləşdirməliyik. Ancaq problem deyil, biz bələdiyyə ilə əlaqə saxlayıb, yeri müəyyənləşdirib müdaxilə edərik. Əgər əraziyə texnikanın girib-çıxmağı mümkündürsə, vətəndaşlar arasında da narazılıq yoxdursa, biz zibil qutularını oraya yerləşdirəcəyik”.
Qeyd edək ki, kanalizasiya xətti ilə bağlı Sabunçu Sukanal İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Sayad Həsənli