Ceyhun Məmmədov: “Prezidentin Şuşada səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır” 

 09-11-2022

“Prezident İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilərin qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər həm Ermənistana, həm bu ölkənin havadarlarına, həm də Ermənistanla bir sıra cinayət əməllərində vahid mövqe nümayiş etdirən, İrəvanın təxribatçı mövqeyini dəstəkləyən dövlətlərə ciddi mesaj və xəbərdarlıqdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir.

“Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ona görə də Ermənistan tez bir zamanda təxribatlara son qoymalıdır. Çünki ermənilər və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq. Yəni, Azərbaycan Ermənistanın təxribatlarına göz yummayacaq. Çünki rəsmi Bakı bölgədə sülhün bərqərar olmasında, bu istiqamətdə addımların atılmasında maraqlıdır”, - C.Məmmədov vurğulayıb.

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığını söyləyən deputat qeyd edib ki, bu gün Qarabağdakı ermənilər Ermənistana rahat şəkildə gedib-gələ bilirlər:

“Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkdi. Əgər bu gün ermənilər Qarabağa rahat gedib-gəlirlərsə, deməli azərbaycanlılar da Naxçıvan Muxtar Respublikasına rahat gedib-gəlməlidirlər. Ermənistan bunun üçün şərait yaratmalıdır, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir”.

Azərbaycan lideri İlham Əliyevin mühüm mesajlarından birinin məhz 10 noyabr razılaşması ilə bağlı olduğuna diqqət çəkən parlament üzvü deyib ki, bu razılaşmada açıq şəkildə bəyan olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılacaq: “Təəssüf ki, bu günə kimi bu məsələ həll olunmayıb. Ermənistan hərbçilərinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağda olduğunu görürük”.

C.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyev çıxışında həmçinin, bölgədə cərəyan proseslərlə bağlı mövqeyini açıqlayıb. O söyləyib ki, Azərbaycan Prezidenti Ermənistanla sıx əməkdaşlıq və İrəvana himayədarlıq edən müsəlman dövlətlərinə də aydın mesaj ünvanlayıb:

“Müsəlman ölkələrin rəhbərləri nəzərə almalıdırlar ki, Ermənistan Azərbaycana qarşı çox sayda vəhşiliklər törədib, ermənilər vaxtilə işğal altında saxladıqları ərazilərdə məscidləri dağıdıblar, İslam mədəniyyətinin bir hissəsi olan dini abidələrimizi məhv ediblər, talayıblar. Müsəlman ölkəsi başçısının belə bir əməllər törədən Ermənistanın rəhbərini qucaqlaması, onunla öpüşməsi qəbuledilməzdir. Özünü müsəlman hesab edən biri bu addımı atmamalıdır”.

“Bütövlükdə Ermənistan və onun havadarları Azərbaycan Prezidentinin Şuşadan etdiyi xəbərdarlıqlardan ciddi nəticə çıxarmalı və Zəngəzur dəhlizi mütləq açılmalı, sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın mövqeyi prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə nəzərə almalıdır”, - deputat vurğulayıb.

Bənzər yazılar

0.24287009239197