Xalq yazıçısı Anar: “Çingiz jurnalistə nahaq elə deyib” 

 02-11-2022

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Anar müəllim, AYB-nin 26 oktyabrda keçirilmiş 13-cü qurultayında yenidən quruma sədr seçildiniz. Sizi təbrik edir, faəliyyətinizdə uğurlar arzulayırıq. Növbəti dövr üçün hansı planlar var?

- Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin plenumu keçiriləcək. Plenumda qurultayda seçilmiş İdarə Heyətinin üzvləri, Ağsaqqallar Şurası və Gənclər Şurasının nümayəndələri iştirak edəcəklər. Katiblər arasında iş bölgüsü aparılacaq. AYB-nin mətbu orqanlarının redaktorları və redaksiya heyətləri təsdiq olunacaq.

Başqa iş planlarımız da var. Noyabrda Ağsaqqallar və Gənclər şuralarının üzvləri ilə gənclərə həsr edilmiş müşavirə keçirmək istəyirik. Məqsədimiz gəncləri dinləmək, onların problemlərini öyrənmək və onlara dəstək olmaqdır.

Dekabrda “Azərbaycan” jurnalının 100 illiyini qeyd edəcəyik. Gələn ilin yanvar, fevral və mart aylarında dilimiz haqqında və dilimizə qayğı, bundan başqa, tərcümələrin səviyyəsi və problemləri, ədəbiyyat dərslikləri ilə bağlı müşavirələr keçirəcəyik. Apreldə İdarə Heyətinin üzvləri ilə cari məsələlər və gələcək planları müzakirə edəcəyik. Ən yaxın zaman üçün planlarımız qeyd etdiklərimdən ibarətdir.

- Qurultayda AYB rəhbərliyində, yəni sədr müavini və katiblər arasında heç bir dəyişiklik olmadı. Ümumiyyətlə, növbəti dövrdə kadr dəyişikləri gözlənilirmi?

- Kadr dəyişkənliyini qurultayarası dövrdə apardıq. AYB-yə Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi yeni katib təyin olundular. Bu qurultay da həmin təyinatları təsdiq elədi. Qurultay tez keçiriləsəydi, katibləri orada təqdim edəcəkdik. Pandemiyaya görə qurultayın tarixini dəyişməli olduq.

Qurultaylarası dövrdə iki katibimiz - Arif Əmrahoğlu və Fikrət Qoca vəfat etdilər, Allah onlara rəhmət eləsin. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov da dünyasını dəyişdi. Ona görə Çingiz Abdullayev AYB-nin birinci katibi, Rəşad Məcid sədr müavini oldu. Üç nəfəri isə katib təyin etdik: Elçin Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi. AYB-də bu dəyişikliklər oldu.

İndi isə redaksiya heyətlərində əlavələr olacaq. Rəhmətə gedən, işdən uzaqlaşan işçilərimiz var. Noyabrın 5-dəki plenumda “Ədəbiyyat qəzeti"nin və dörd jurnalımızın redaksiya heyətləri yenidən təsdiq olunacaq.

- Bəs, redaktorlar arasında dəyişiklik olacaqmı?

- Xeyr, təklif edəcəm ki, redaktorlar fəaliyyətlərini davam etdirsinlər. Onu da qeyd etmək istəyirəm ki, qurultaya qədər seksiya rəhbərləri də dəyişmişdi. Son zamanlar nəsr seksiyasının rəhbəri Səyyad Aran, poeziya seksiyası sədrinin müavini İbrahim İlyaslı və tərcümə seksiyasının sədri Kamran Nəzirli təyin edildi. Qurultay isə bu təyinatları təsdiq etdi. AYB-də ötən müddət ərzində xeyli kadr dəyişiklikləri baş verdi.

- Hərçənd qurultaydan əvvəl və sonra əsas müzakirə sizin yenidən sədr seçilməyiniz ətrafında gedirdi. Amma qurultayda diqqətə çıxmalı başqa nüanslar da olmalıydı və vardı. Sualımız belədir: qurultayda diqqətinizi cəlb edən hansı təkliflər səsləndi?

- Qurultayda çox maraqlı təkliflər oldu. Noyabrın 5-də baş tutacaq plenumda bu haqda ətraflı məlumat verəcəm. Diqqətimi çəkən təkliflərdən biri akademik Nizami Cəfərovun çıxışında səsləndi. O bildirdi ki, Qazaxda böyük yazıçımız İsa Muğannanın ev muzeyi açılsın. Mən bu təklifi dəstəkləyirəm. Plenumda bu təklifi bir daha sələndirəcəm və sonra AYB adından Mədəniyyət Nazirliyinə təklif verəcəm.

Qurultayda Elçin Hüseynbəyli təklif etdi ki, AYB-nin Şərqi Zəngəzur bölməsi yaransın. Zəngəzur bölməsi Qarabağ bölməsinə daxildir, amma Şərqi Zəngəzur ayrı bir iqtisadi vahid olduğu üçün belə təklif tamamilə məntiqidi. Bu təklifi də qəbul edirəm.

Cənubi Azərbaycan ədəbiyyatına daha çox diqqət yetirilməsi barədə də təklif verildi. Bizim “Dünya ədəbiyyatı” adlı məcmuəmiz var, təklif edəcəm ki, onun bir nömrəsi bütövlükdə cənuba həsr edilsin.

- AYB-yə yenidən sədr seçilməyinizlə bağlı münasibətlərin ümumi məzmunu sizi qane etdimi? Səsvermənin nəticələri məlumdur.

- Qurultaya 330 nümayəndə seçilmişdi, onlardan 300-ə yaxını iştirak etdi. Səsvermədə nümayəndələrdən 298-i namizədliyimin lehinə, 2 nəfər əleyhinə səs verdi. Bu, təbii prosesdi. Ola bilsin, iki nəfər mənim yenidən sədr olmağımı istəmirdi.

- Qurultayda bir sıra hadisələr də baş verdi. Gənclərin namizədlə çıxış etmək istəyi, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyinin qeydə alınıb səsə qoyulmaması və sair. Bu haqda fikriniz necədir?

- Onlar əvvəldən bir neçə dəfə bəyan etmişdilər ki, sədr olmaq istəyirlər. Bu, AYB üzü olan hər bir kəsin haqqıdır. Nəsə yazıb-yazmayıb, tanınır-tanınmır kimi halları müzakirə edib, onları pərt etmək istəmirəm. Çünki hamı-hamını gözəl tanıyır. Ona görə onlar haqqında heç bir xoşagəlməz söz söyləməyəcəm. Amma bunların bir qaydası, proseduru var, sən namizədliyini vermək istəyirsənsə, gərək rəsmi şəkildə çıxışa yazılmalı idin. Kağız təqdim edərdin ki, mən çıxış etmək istəyirəm. Mən isə təkid edərdim ki, ona söz versinlər.

Bilmirəm, deyəsən, onlar ikisi birdən sədr olmaq istəyirdilər, vəzifəni aralarında necə bölüşəcəkdilər, onu da bilmirəm. Onlar bunu təklif edə bilərdilər və səsvermədə seçilərdilərsə, ilk mən onları təbrik edərdim. Sadaladıqlarımın heç biri olmadı.

Xalq yazıçısı Elçin Əfəndiyev qurultaydakı çıxşında dedi ki, təklif edirəm, müzakirələr bitsin, Anarın namizədliyi irəli sürüldü və səsvermə keçirildi. Bununla qurultayın işi tamamlandı. Bundan sonra iki nəfər yerdən qışqırdı, səs-küy saldı, qalmaqal yaratdı. Qalmaqalla iş bitmir. Demokratiyadan söhbət gedirsə, qurultay bütün demokratik qaydalara riayət edərək keçirildi. Namizəd irəli sürüldü, səsvermə keçirildi və sədr seçildi.

- Qurultaydan sonra gənc yazarlarla görüşəcəyinizi qeyd etmişdiniz. Onlarla görüşdünüzmü?

- Bəli, qurultayda qeyd etdim ki, sizinlə ədavət etmək istəmirəm, siz oğlum da yox, nəvəm yerindəsiniz. Əgər təklifləriniz varsa, “Mən sədr olmaq istəyirəm” yox, “Mən sədr olsam, nələri edə bilərəm?” istiqamətində təklifləriz varsa, buyurun gəlin, qapım üzünüzə həmişə açıqdır.

Təklifləriniz məntiqlidirsə, qəbul edərəm, əks halda başa salaram ki, müəyyən səbəblərə görə bu, mümkün deyil. Yaxud elə bir razılığa gələrik ki, bir təklifiniz qəbul olunar, başqa təklifiniz yox. Normal münasibətlərimiz və danışıqlarımız olar. Amma “Mən mütləq sədr olmaq istəyirəm” kimi iddia yox... Mən də Britaniya kraliçası II Yelizaveta öləndən sonra İngiltərənin kralı olmaq istərdim. Bu, mümkün deyil ki... Adamın istəməyi azdır, gərək səni başqaları da istəsin.

- Başqa bir sual da yaranır. Uzun müddət AYB-yə rəhbərlik etmiş, təşkilata yaxından bələd olmuş bir sədr, bir yazıçı kimi özünüzdən sonra varis olaraq kimi yerinizə layiq görərdiniz? Beləsi AYB-də varmı?

- Birinin adını çəksəm, digəri qalacaq. Həmişə demişəm ki, AYB-nin sədri olmağa layiqli çox insanlar var, Azərbaycan Yazıçılar Birliyinin katibləri və kənarda olan şəxslər... Qurultayda qəti fikrimi bildirdim ki, son beş ildə sağ qalsam, növbəti qurultayda namizədliyimi verməyəcəm. O zaman kimin daha çox şansı varsa, təcrübə qazanıbsa, demokratik yolla o seçiləcək.

- Ümumiyyətlə, AYB-nin gənclərlə bağlı siyasəti sizi qane edirmi? Bundan sonra bu istiqamətdə AYB-də hər hansı dəyişiklik ola bilərmi? Hərdən gənclər etiraz edirlər. Siz özünüz də vaxtilə gənclik illərinizdə nələrəsə etiraz etmisiniz.

- Bizim nəsil, 60-cılar nəsli ədəbiyyata gələndə özümüzdən əvvəl fəaliyyət göstərən yazıçılara hörmətlə yanaşdıq. Amma bizim nəslin nümayəndələri dedilər ki, biz özümüzdən əvvəlkilər kimi yazmaq istəmirik, problemlərə başqa cür yanaşmaq və yazmaq istəyirik. Bu, zamanın tələbi idi, çünki dövr dəyişmişdi. Azad söz söyləməyə, azad fikir bildirməyə müəyyən qədər imkan verilmişdi. Ona görə də biz bizdən əvvəlki yazıçılar kimi yazmadıq, başqa istiqamətdə fəaliyyət göstərdik. Amma onların heç birini də inkar etmədik.

Bu, yanlış və yalan fikirdir ki, AYB cavanların əleyhinədir. Mən AYB-ə sədr seçiləndən sonra hər qurultayda bir cavan yazıçımız katib olub. 34 il əvvəl Çingiz Abdullayev AYB-nin katibi təyin seçildi. Ondan sonra, növbəti qurultayda rəhmətlik Arif Əmrahoğlu katib seçildi. Sonra Rəşad Məcid AYB-nin katibi oldu. AYB rəhbərliyində cavanlaşma prosesi həmişə gedib.

“Ulduz” jurnalına əvvəllər yaşlı insanlar rəhbərlik edirdilər, mənim sədrliyimdən sonra bütün heyət cavanlaşdı. "Ulduz" jurnalı bütünlüklə cavanların ixtiyarına verildi. Gənclər Şurası təsis olundu. Rəşad Məcidin rəhbərliyi ilə Gənc Ədiblər Məktəbi yarandı. Gənclərin kitablarının təqdimatını keçiririk, kitabların nəşrinə kömək edirik, gənclərə təqaüd veririk, onları xarici ölkələrə səfərlərə göndəririk. Cavanlar üçün bundan artıq neyləmək olar?! Bilmirəm. Mütləq onlara deməliyik ki, gəl, yerimdə otur?! Belə olsa bir nəfər razı olub, digərləri narazı qalacaqlar.

Bizim sağlam düşüncəli, istedadlı cavanlarımız var, onları hər zaman dəstəkləyirəm. Amma bəzi cavanlarımızda belə bir xüsusiyyət var, iradını bildirir ki, deyir cavanları irəli çəkin. Dəstək olursan, irəli çəkirsən, onda da deyir ki, o cavanları yox, mən özümü nəzərdə tuturam.

Onu da deyim ki, namizədliyini vermək istəyən iki nəfər haqqında xahiş etdim ki, qurultayda onlar iştirak etsinlər. Nümayəndələrin seçilməsinə qarışmırdım, amma qeyd etdiyim kimi, adımdan xahiş etdilər ki, onlar mütləq qurultaya nümayəndə seçilsinlər. Çünki seçilməsəydilər, deyəcəkdilər ki, bizdən qorxdular, qurultaya nümayəndə seçilsəydik, mütləq sədr də olacaqdıq. İkisi birdən sədr olacaqdı?! Səsə qoyulsaydı, yalnız hər biri bir səs alacaqdı, özünün səsini. Bir səslə AYB-yə sədr seçilər?!

- Emil Rasimoğlu Gənc Ədiblər Məktəbinin, Fuad Cəfərli isə Gənclər Şurasının üzvüdür. Onları qurumdan uzaqlaşdırmaq kimi təhlükə gözləmir ki?

- Xeyr, Emil Rasimoğlu və Fuad Cəfərli həmin yerdə fəaliyyət göstərəcəklər. Qurultay zamanı bəziləri deyirdi ki, elə adamları təklif edirlər, hər zaman AYB-nin əleyhinə olublar və mütləq mən onları yaxın qoymamalıyam. Biz heç kəsdən qorxmuruq və heç kəsin qarşısında utanmalı, çəkinməli işimiz yoxdur. Əleyhimizə olanlar da gəlsinlər, fikirlərini bildirsinlər. Amma güclə deyə bilmərik ki, gəl, əleyhimə danış. Qurultayda istəsəydilər, hamısına söz verəcəkdik.

Mən çalışıram, elə söz deyim ki, cavanların qəlbinə dəyməsin. Qurultay günü də sədr iddiasında olanlara dedim ki, sizin beş il vaxtınız var. Çalışın bəyanatlarla yox, əsərlərinizlə özünüzü təsdiq edəsiniz.

Elə əsərlər yazın ki, növbəti dəfə sizi təqdim edəndə deməsinlər ki, bu kimdir, heç adını da eşitməmişik... Biz də yaxşı əsərlərinizi müdafiə və təbliğ edək, haqqınızda yazılar yazaq. Ondan sonra namizədliyinizi verəndə hamı desin ki, doğrudan, bu yazıçı da var. Bu, hələ o demək deyil ki, o, dərhal sədr postuna seçiləcək, amma hər halda “Bu kimdir”, "Nə yazıb" sualı da olmayacaq.

Bu sözləri xeyrxah niyyətlə deyirəm. Sizin saytınız vasitəsilə bir daha onları dəvət edirəm, təklifləriniz varsa, gəlin, bildirin. Mən heç birinə düşmən gözü ilə baxmıram, gənclər ədəbiyyatımızın gələcəyidir, ədəbiyyat sahəsində öz yerləri olmalıdır. Gənclərin fikirlərini həmişə diqqətlə dinləməyə hazırıq.

- Qurultayın nəticələrinin doğurduğu rezonans baxımından bir məsələ də diqqət çəkdi. AYB-nin katibi Çingiz Abdullayevlə jurnalist arasında problem yaşandı. Bir qisim jurnalisti, digər qisim isə katibi günahlandırdı. Jurnalisti sualı düzgün verməməkdə, katibi isə suala təmkinli və arqumentli cavablandırmamaqda suçladılar. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.

- Əlbəttə, heç bir jurnalisti, ümumiyyətlə, heç kim heç kimi təhqir etməli deyil və elə sözlər deməməlidir.

Amma bizdə qəribə bir hal var ki, jurnalist yazıçıları, ağsaqqalları təhqir edə bilər, onlar haqqında yalan, böhtan yaza, haqqında ən pis sözləri işlədə bilər, amma o adam gözün üstə qaşın var deyirsə, deməli, jurnalistlərə təhqirdir. Niyə?! Niyə jurnalist Fikrət Qoca sağ ola-ola yaza bilər ki, "Hələ Fikrət Qoca ölməyib?" və heç kəs buna etiraz etmir.

- Həmin şəxs jurnalist deyil, yazıçıdı.

- Lap yazıçı olsun. Fikrət Qoca böyük şair idi, ürək əməliyyatı keçirmişdi, oğlunu, qardaşını itirmişdi. Belə bir vaxtda yaşlı adama “Fikrət Qoca hələ ölməyib” demək etikadır?! Jurnalistikadır? Xeyr. Biz bunu deyəndə deyirlər ki, niyə bizi təhqir edirsiniz?!

Mənim haqqımda nələr yazmayıblar. Elə deyirsiniz, Çingiz filan sözü deyib. Düzü, mən dəqiq bilmirəm, hansı ifadəni işlədib.

- Jurnalistin qurultayın keçirilməsi üçün ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda sualına Çingiz Abdullayev “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” deyə cavab vermişdi.

- Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar?! Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq.

Jurnalistlər arasında çoxlu dostlarım var, amma bu o demək deyil ki, jurnalist olduğuna görə "babam mənə kor deyib, gəlib gedəni vur" deyib prinsipiylə hərəkət etməlisən.

- Anar müəllim, hər halda, həmin jurnalistin sualını biz də veririk: qurultaya ayrılmış 203 min manat necə xərcləndi?

- Mən maliyyə məsələlərinə qarışmıram, onunla əsasən Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik.

Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərini, hotel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?.. O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?!

Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən.

- Yaxın günlərdə AYB və Mədəniyyət Nazirliyi ilə “Şuşaya salam” layihəsi təqdim edildi. Ümumiyyətlə, AYB-nin Qarabağla bağlı nə kimi layihələri gözlənilir?

- Zəfərimizdən dərhal sonra “Qarabağ dastanı, 30 ilin həsrəti-44 günün Zəfəri” adlı kitabımız nəşr edildi. Qarabağ haqqında başqa bir kitabımız da çıxıb.

Qarabağ haqqında yazılan poemaya görə mükafat verdik. Bundan sonra da Qarabağ ədəbiyyatımızın əsas mövzularından olacaq, həm qələbəmiz, həm də Qarabağ problemini nəzərdə tuturam. Yazıçılarımız yazacaqlar, biz də ən yaxşı əsərləri təqdir edib, mükafat verəcəyik.

- Yaradıcılıq planlarınızla bağlı nə deyə bilərsiniz? Hazırda hansı əsər üzərində çalışırsınız?

- Jurnalistlərimizin bəziləri çox “savadlı”dırlar, deyirlər ki, Anar son 30 ildə nə yazıb? Mən sizə nə yazdığımı deyim.

Son on ildə rus dilində üç cildlik “LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana” adlı kitabım çıxıb. “Yaşamaq haqqı” adlı kitabım nəşr edilib. “Söz dünyası” beşcildliyimin dörd cildi çapdan çıxıb, beşinci cildi də yaxın günlərdə çıxacaq. Nazim Hikmət haqqında "Kərəm kimi" sənədli romanı, "Ağ qoç, qara qoç" əsəri, Cəfər Cabbarlı haqqında ssenari, “Şəhərin qış gecələri” adlı pyes, hekayələr, saysız-hesabsız məqalələr yazmışam. Bunları on illərdə etmişəm. Haqqımda deyəndə ki, 30 ildə heç nə yazmayıb deyənlər fil qulağında yatıblar?

Yaradıcılığını bilmədən, heç nədən xəbərin olmadan kimisə ittiham edirsən? Bu yaşımda bu qədər əsər yazmışam, bir az insafınız olsun.

Yazsın ki, bu qədər əsər yazıb, amma heç nədir. Yenə razılaşaram ki, heç olmasa nə yazdığımdan xəbəri var. Yoxsa xəbəri olmadan fikir bildirmək, məni ittiham etmək?!

34 ildir AYB-ə rəhbərlik edirəm. Fəaliyyətimin ikinci ilindən yerimə adam axtarmağa başladılar. Deyirlər, Anar əvəzedilməz adam deyil. Bu fikirlə yüz fazi razıyam. Deyirlər, bir vəzifəni o qədər tutmaq olmaz. Bununla da razıyam, amma 34 ildir bir adam tapmayıblar ki, Anarı əvəz etsin. Niyə tapmamısınız?

Anarın yerinə konkret adam tapın, buyursun, gəlsin. Biri kimisə təklif edir, o birisi onunla razılaşmır. Ona görə sonunda fikirlərşirlər ki, yenə Anar yaxşıdır...

- Qurultayda akademik İsa Həbibbəyli bildirdi ki, ədəbiyyatımızda hələ də Heydər Əliyev nəhəngliyinə uyğun bədii əsərin yazılmayıb. Bu istiqamətdə AYB iş aparmağı nəzərdə tutur?

- Bədii obraz baxımından İsa Həbibbəyli ilə razıyam, ədəbiyyatımızda Heydər Əliyevin bədii obrazı ilə rastlaşmamışam. Ulu öndər Heydər Əliyev çox böyük və əzəmətli bir şəxsiyyətdir. Böyük bir ömür yolu keçmiş insandır. Onun obrazı çox möhtəşəm olmalıdır. Mən Heydər Əliyev haqqında sənədli əsər yazmışam. Dahi şəxsiyyət haqqında “Unudulmaz görüşlər” kitabını qələmə almışam. Dəfələrlə ulu öndərlə təmasda olmuşam, söhbətlərimiz olub. Xarici səfərlərə yazıçıları da aparırdı, mən də səfərlərdə iştirak etmişəm. Söhbətlərimizin demək olar ki, böyük hissəsini yazmışam.

- Yazmadıqlarınız da olubmu?

- Yox, ictimai əhəmiyyət kəsb edən hər şeyi, demək olar ki, yazmışam.

- Siz özünüz Heydər Əliyevin bədii obrazını yaratmaq istərdinizmi?

- Mənə elə gəlir ki, belə insanların bədii obrazını yaratmaq üçün azı 50 il vaxt keçməlidir. Tarixi şəxsiyyəti yaşadığı dövrə yaxın qələmə alanda uğurlu olmur.

- Azərbaycan ədəbiyyatının hazırkı vəziyyəti ilə bağlı nə düşünürsünüz? İndiki dövrdə yaxşı əsər üçün əsas meyar xaricdə çap edilmək, dünyaya inteqrasiya olunmaq, bestellərə çevrilməkdir. İstərdik ədəbiyyatımızın hazırkı durumuna bu kontekstdə qiymət verəsiniz.

- Hansısa yazıçının kitabının xaricdə nəşr edilməsi yaxşı haldır. Hər bir yazıçı istəyir ki, kitabı xaricdə çap edilsin. Mənim də xeyli əsərlərim başqa ölkələrdə nəşr olunub. Mənim haqqımda “Dünya şöhrətli yazıçı” deyiləndə gülməyim gəlir. Həmişə deyirəm, xoşbəxtəm ki, Azərbaycan şöhrətli yazıçıyam, məni Azərbaycanda tanıyırlar. Bu, mənim üçün kifayətdir.

Dünyaya çıxmaq çox gözəl haldır, amma Cəlil Məmmədquluzdə, Hüseyn Cavid dünyaya çıxmışdılar? Xeyr. Bununla onuların böyüklüyü azalır? Yox. Yazıçı ilk növbədə öz xalqı arasında tanınmalı, öz ədəbiyyatına xidmət eləməlidir.

Eyni zamanda dünyaya da çıxırsa lap yaxşı, əks halda, bunu özünə dərd eləmək lazım deyil.

- Gözəl şairimiz Ramiz Rövşənin şeirlərinin birində bir misra var: "Yaman uzun çəkdi ömrüm deyəsən..." Səhv eləmiriksə, bu misranın olduğu şeiri 30 yaşında yazıb və bəlkə, insan məhz 30 yaşında belə düşünə bilər. Siz hazırda ömür yolunuz haqqında nə düşünürsünüz? Yorulduğunuz zamanlar olurmu?

- Yorulmadım, amma öz həyatım haqqında bir xalq misalı var, tez-tez o yadıma düşür: “İçim özümü yandırır, çölüm özgəni”. Kənardan baxan deyir ki, yazıçı ailəsində anadan olub, maddi ehtiyac çəkməyib, ömür yolu asan keçib. Halbuki elə deyil və elə olmayıb.

Onu da deyim ki, yeni bir kitab üzərində işləyirəm. AYB-yə sədr seçildiyim ilk aydan haqqımda yazılan haqsız iradlar, tənqidlər, böhtanlar, təhqir tipli yazıların hamısını toplamışam. Bu kitabımda nəşr ediləcək.

- Tərif də varmı?..

- Bu kitabda tərif çox azdır. Kitabda tənqidi fikirləri və haqqımdakı bütün yalanları dərc elətdirəcəm. Hər qurultay öncəsi “Anar gedir, filankəs gəlir”, “Anarın sonu gəldi”, “Anar tükəndi” və sair başlıqlı yazılar yazılıb.

- Bu tip yazılar sizə necə təsir edir?

- Necə təsir edə bilər?! Bir gün çox pis təsir edir, həmin an keçirdiyim o hissi dililə ifadə etmək çətindir. Özü də yalnız mənim haqqımda xoşagəlməz fikir bildirsinlər, yox, atama da söz atırlar.

Övladlarım yaradıcılıq fəaliyyəti göstərirlər, heç kimdən də pis yazmırlar. Onları heç yerə təqdim etmirəm, mükafat vermirəm. Yenə də deyirlər ki, bunlar niyə yazırlar?! Niyə bir ailədən üç yazıçı olur. Niyə olmasın?... Övladlarım olduğu üçün onlara belə münasibət göstərirlər. Müsahibəmizi giley-güzarla bitirmək istəməzdim. Həmişə ədəbiyyatımızın saylı qüvvələrinə, o cümlədən özlərini istedadlı əsərləriylə təsdiq edən cavanlara inanmışam, arxalanmışam və inanıram, arxalanıram.

Bənzər yazılar

0.59627389907837