“Ziya Məmmədov elə bilir ki, onun pullarını xərcləmişəm” – “Hafka” illər sonra DANIŞDI

 06-04-2022

Məşhur azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədov jurnalist Eynulla Fətullayevə müsahibə verib.

MillətinSəsi.info lent.az-a istinadən müsahibədən bəzi məqamları təqdim edir:

Hafiz Məmmədov müsahibəsində əvvəlcə qısa müddətli həbsə düşməyindən danışır. Onun dediyinə görə, bir neçə iri şirkəti, 2 milyard dollara yaxın dövriyyəsi biznesinin olmasına baxmayaraq onun doğrudan da 850 min manat təsdiqlənmiş vergi borcu olub və saxlanılıb: “Çox şükür ki, bizi başa düşdülər. Borcun bir qismi ödənib. Digər hissəsini də qısa zamanda ödəyəcəm”.

Söhbət zamanı məlum olub ki, onun atası Məcid Məmmədov o vaxt Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanıb. İş adamı isə atasını girovluqdan xilas etmək üçün 2 milyon avro ödəyib. Maraqlısı odur ki, pullar 500 avroluq əsginaslarla ödənib və istintaq məhz bu məqamdan sonra dəstənin izinə düşə bilib. Amma Hafiz Məmmədov hadisənin tam təfərrüatları ilə bağlı danışmaq istəməyib.

Hafiz Məmmədov bildirib ki, ilk pulların metal alverindən qazanmağa başlayıb. Daha sonra isə özünün də dediyi kimi, “sivil biznesə” keçib. “Baghlan Group”u təsis edib, nəqliyyat, tikinti, neft, bank sektoruna baş vurub.

İş adamı sahibi olduğu “Bank of Azerbaycan”dan da söz açıb. Qısa zamanda onun kapitalını 50 milyon manata çatdırdığını deyib.

O, 1 avroya Fransanın “Lans” klubun aldığını deyib. “Mən bu kluba 26 milyon avro vəsait yatıracaqdım”. Sən demə, iş adamı daha sonra İngiltərənin “Şeffild Yunayted” klubuna da sahib olmağa yaxın imiş: “Mən “Lans”ı vətənpərvərlik hislərimə görə aldım. Heç bir çirkli pul yuyulmasından söhbət gedə bilməzdim. Elə hesab etdim ki, vətənim üçün lazımdır. Hər bir iş adamının öz həqiqəti var. Mən inanırdım ki, “Lans”ın Azərbaycana çox köməyi dəyəcək”.

Hafiz Məmmədov bildirib ki, ilk problemi 2013-cü ildən başlayıb. “Bir gün gördüm ki, “Bank of Azərbaycan”da ikili hesabat gedir. Düzgün hesabat aparılmır. Mən bunu bir də 2016-cı ildə başa düşdüm. Onda da gec idi”.

Hafiz Məmmədov deyir ki, 2014-cü ildən sonra onu sözün həqiqi mənasında soymağa başlayıblar. Daha sonra Eldar Mahmudov onun “Transgeyt” şirkətinə əl qoyub. Daha sonra “Bahar” yatağı əlindən alınıb. Onun müflis olunmasının əsası qoyulub:

“Təsəvvür edin, mənim biznesimi əlimdən alıb, kredit götürürdülər, üstəlik həmin kredit də mənim adıma yazılırdı”.

Hafiz Məmmədov müsahibəsində qumar oynadığını da etiraf edir:

“Mən kazinolara da getmişəm, amma heç vaxt uduzmamışam. Heç kimin puluyla da oynamamışam. Mən əli gətirən insanam. Səxavətliyəm, çoxlarına çox pul paylamışam”.

İş adamı deyib ki, Monako knyazı ilə çox gözəl münasibətləri var: “Knyaz 2-ci Albert mənim qonağım da olub. Problemlərim başlayandan tez-tez məni soruşur, halımı xəbər alır. 5 ildir ölkədən çıxışıma qadağa qoyulub. Həkimə belə gedə bilmirəm. O, isə məni gözləyir. Bizim yaxşı zarafatlarımız da var. Bir məsələni də qeyd edim ki, o, bütün məsələlərdə Azərbaycanı dəstəkləyib. Səhhətim dəhşətli dərəcədə korlanıb. Daxili varikozum var. Mütləq öz həkimimin yanına getməliyəm”.

Hafiz Məmmədov keçmiş şəriki Ziya Məmmədovdan da bəhs edib. O bildirib ki, keçmiş nazirlə heç bir münasibəti qalmayıb: “Həbsdən çıxandan sonra zəng də etmədi. Yəqin elə hesab edir ki, onun pullarını xərcləmişəm. O, səhv edir”.

İş adamı onu da qeyd edib ki, pulları, aktivləri kimdədi, haradadı gözəl bilir.

Mənbə lent.az

Bənzər yazılar

0.24491095542908