Sentyabr ayında Azərbaycana gələn əcnəbilərin sayı 158 803 nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 108 faiz və ya 86 115 nəfər çoxdur.
Belə ki, keçən il ölkəyə sentyabr ayında 72 688 nəfər turist səfər edib. Ümumilikdə isə cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 162 949 əcnəbi gəlib. Bu isə 2021-ci illə müqayisədə 126 faiz və ya 647 669 nəfər çoxdur. Ən çox turistin gəldiyi ölkələr isə Rusiya (46 162), Türkiyə (29 506), İran (16 717), Hindistan (8626), Gürcüstan (8009), Səudiyyə Ərəbistanı (7368) və Pakistandır (5432).
Yaşanan turist axınını Bakının mərkəzi küçələrdə gəzərkən də rahatlıqla müşahidə etmək mümkündür. Onların sayının artması isə bir tərəfdən ölkədə turizmin inkişafına təkan verirsə, digər tərəfdən kirayə mənzil bazarında bahalaşma ilə müşayiət edilir. O səbəbdəndir ki, artıq “28 May”, “Sahil” metro stansiyaları yaxınlığında normal təmirli, 2-3 otaqlı evləri 1000 manatdan aşağı qiymətə tapmaq müşkül məsələdir. Lakin son vaxtlar əcnəbi sayının artmasının ölkədə yerli vətəndaşların işsizlik faizinin artmasına təsir etdiyinə dair də iddialar var.
Maraqlıdır, hazırda Azərbaycanda nə qədər əcnəbi işçi var?
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Oxu.az-a açıqlamasında bildirib ki, cari ildə Dövlət Miqrasiya Xidməti tərəfindən iş icazəsi alan və iqtisadiyyatın müxtəlif sahələrində çalışan əcnəbilərin 1 oktyabr tarixinə olan sayı 7064 nəfərdir.
Bəs görəsən, doğrudamı bu şəxslər ölkədə işsizlik faizinin artmasına təkan verir?
Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Elçin Süleymanov qeyd edib ki, Azərbaycanda əcnəbilərin işə qəbul edilməsi qanun çərçivəsindədir:
“Onlar Dövlət Miqrasiya Xidmətindən müvafiq iş icazəsi almalıdır. Hər il əcnəbilərin Azərbaycanda işləməsi üçün kvota müəyyənləşir. Bu, təxminən 5-6 min nəfər civarındadır. Məsələn, 2022-ci ildə beş minə yaxın əcnəbiyə Azərbaycanda işləmə icazəsi verilib. Təbii ki, onlara işləmə icazəsi verilərkən müəyyən nüanslara baxılır, onun ixtisasının, həqiqətən də strateji əhəmiyyətli olub-olmaması, Azərbaycanda tapılıb-tapılmaması nəzərə alınır. Bir başqa nüans isə dillə bağlıdır. Amma həmin əcnəbilərin sayı yerli işçilərin sayını keçməməlidir. Bu məsələ qanunvericilikdə kifayət qədər ciddi tənzimlənib. Qeydiyyat olmadan əcnəbilər çalışdırıldıqda ciddi cərimələr nəzərdə tutulur”.
Ekspert hesab edir ki, 5-6 min əcnəbi işçi Azərbaycanın əmək bazarında işsizliyə ciddi təsir göstərmir:
“5-6 min nəfərin 20-30 faizi yüksək ixtisas sahibi olanlardır. Bir hissəsi isə fəhlə və fiziki işlə məşğul olan şəxslərdir. Xüsusilə ali təhsil müəssisələrində əcnəbilərin çalışması müsbət nüans ola bilər. Düşünürəm ki, 15-20 faiz professor-müəllim heyətinin əcnəbilərdən ibarət olması universitetlər üçün beynəlxalq reytinqlərdə faydalı olar. Digər şirkətlərdə əcnəbilərin çalışması isə iş bacarığının inkişafı, korporativ mədəniyyətin formalaşmasına müsbət fayda verir. Bizim qonşu ölkələrdə, xüsusilə Türkiyədə yaşanan miqrant problemimiz yaşanmır. Çünki əcnəbilərin qeydiyyat prosesi şəffafdır. İkincisi, onların işə düzəlməsi tamamilə qanunidir. Ona görə də yerli işçilərin əcnəbilərə görə işsiz qalması halları çox azdır. Azərbaycan üçün miqrant təhdidi gözlənilmir. Sayları əmək bazarına təsir edəcək dərəcədə çox deyil. Həmçinin, Azərbaycan əcnəbilər üçün çox cəlbedici bir ölkə deyil. Azərbaycan qanunvericiliyinin sərtliyi qanunsuz miqrantların ölkədə yaşamasına çox da imkan vermir. Dolayısıyla şirkətlərin qanunsuz əcnəbi çalışdırma faktları çox azdır”.