Teymur Musayev: "Tibb sahəsində 70 yaşı olan insanlar da çalışırlar"

 16-05-2025

"Tibb sahəsində 70 yaşı olan insanlar da çalışırlar".

MillətinSəsi.İnfo xəbər verir ki, bunu səhiyyə nazir Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.

Nazir 65 yaşlı şəxslərin sertifikasiyaya cəlb edilməsi məsələsinə münasibət bildirərkən deyib:

"Biz mütəmadi olaraq həmin şəxslərin müqaviləsini bir il - bir il uzadaraq, 70 ilə qədər çatdırırıq. Tibb sahəsi tək bilik bacarıq deyil, təcrübə üzərində formalaşır. Onların sertifikasiyaya cəlb olunması əqli fəaliyyətini də qiymətləndirir. Bəzi ölkələrdə 70 yaşından sonra tibb işçiləri üçün xüsusi komissiya yaradılır və buradan keçən insanlar fəaliyyətini davam etdirirlər. Bu, gələcəyin işidir və bununla bağlı müvafiq addımlar atılır".

Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya beş il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər.

Nazir bildirib ki, imtahandan keçməyən tibb işçisi üçün altı ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək:

"Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.

"Hazırda bu istiqamətdə iki əsas normativ sənədin - "Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası" və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir", - deyə Teymur Musayev qeyd edib.

Teymur Musayev bildirib ki, sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir. Hazırda bazada 65 minə yaxın test və 6 450 klinik məsələ mövcuddur. 

Səhiyyə naziri qeyd edib ki, yeni yanaşmaya əsasən, imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq. Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar. Bundan başqa, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi nəzərdə tutulur:

"Elektron imtahan nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticə maksimum üç saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də imtahanlarda xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audiomateriallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır. 2009-cu il tarixli Prezident fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər beş ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar."

Nazir bildirib ki, 2024-cü ildə 18 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə ümumilikdə 92 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 233 nəfəri həkim, 57 663 nəfəri isə orta tibb işçiləridir. Bu ilin ilk dörd ayında isə 5 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib.

Nazir qeyd edib ki, Səhiyyə Nazirliyinin M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradılır və fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək: "Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edənlər var. Düşünürəm ki, həmin şöbə bu sahədə nümunəvi olacaq".

Bənzər yazılar

0.063440799713135